Elmar Vəliyevə sui-qəsddə təqsirləndirilən 3 nəfərin cəzası azaldıldı

15:33 - 22 Oktyabr 2021 - Xəbər

Ali Məhkəmədə Gəncənin Sabiq icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə təqsirləndirilən şəxslərin kassasiya şikayətinə baxılıb.

Hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar açıqlanıb.
Qərara əsasən, təqsirləndirilən şəxslərdən Ürfan Məmmədov və Oqtay Hüseynzadəyə qarşı irəli sürülmüş qəsdən adam öldürmə, terrorçuluq, mütəşəkkil dəstə yaratma da daxil olmaqla, 19 maddə ilə ittihama xitam verilib. Ali Məhkəmə Ürfan Məmmədovu yalnız CM-in 307.3 (xüsusilə ağır cinayəti gizlətmə), Oqtay Hüseynzadəni isə 220.1 (kütləvi iğtişaşları təşkil etmə və ya iştirak) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddələrilə təqsirli hesab edib. Qərara görə, Ü. Məmmədovun cəzasını 18 ildən 5 ilə, Hüseynzadənin cəzasını isə 18 ildən 10 ilə endirib.

Daha bir təqsirləndirilən Abbas Abbasovun cəzası 9 ildən 7 ilə endirilib.
Təqsirləndirilən şəxslərdən Ali Məhkəməyə kassasiya şikayəti vermiş daha iki nəfərin - Elşən Məmmədov və Rauf Bayramovun şikayəti isə təmin edilməyib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmüylə E. Məmmədov 7, Bayramov isə 9 il azadlıqdan məhrum edilib. Yuxarı instansiya məhkəmələri də bu hökmü qüvvədə saxlayıb.///trend

Xəbər xətti