Rusiya şirkətləri Qarabağda "ağıllı şəhər" tikintisinə qoşula bilər

10:19 - 18 Sentyabr 2021 - Xəbər

Rusiya tikinti şirkətləri Azərbaycanın azad edilmiş ərazilərində öz həllərini tətbiq edə bilər.

Bunu Trend-ə müsahibəsində Rusiya İxrac Mərkəzinin (RİM) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nuri Quliyev deyib.

Onun sözlərinə görə, hazırda RİM Azərbaycan tərəfindən maliyyələşdirilməsi mümkün olan investisiya layihələrinin açıqlanmasını gözləyir:

"Noyabr ayında biz Bakıda Rusiya şirkətləri üçün "Smart City" biznes missiyasını keçirməyi planlaşdırırıq. Bu tədbirdə 30-dək şirkət iştirak edəcək".

N.Quliyev qeyd edib ki, missiyaya əsasən dəmir yollarının tikintisi və istismarı şirkətləri, iri avtomobil istehsalçıları, tikinti şirkətləri cəlb olunacaq. Bununla belə, əsas diqqət informasiya texnologiyaları sahəsində şirkətlərə veriləcək:

"Bu tədbirin təşkilinin əsas məqsədi Azərbaycanda "ağıllı şəhər"lərin tikintisi ilə bağlı texnologiya və innovasiyaların cəlb olunmasıdır. Qeyd edim ki, biz Azərbaycanın azad edilmiş ərazilərində müasir şəhərlərin tikintisi sahəsində Rusiya həllərini tətbiq edəcəyik".

Xəbər xətti