Mədəniyyət paytaxtımızdan dünyaya bədii dillə duyurulan siyasi mesajlar...

10:21 - 1 Sentyabr 2021 - SİYASƏT

Azərbaycan dövlətinə inteqrasiya edən Qarabağ erməniləri də bölgənin əsrarəngiz gözəlliklərindən faydalana biləcək

Prezident cənab İlham Əliyev və xanımı I vitse-prezident Mehriban Əliyeva işğaldan azad olunan müqəddəs torpaqlara artıq silsilə halını alan növbəti səfərlərini gerçəkləşdirdilər. Səfər proqramı həmişəki kimi çox zəngin idi. Azərbaycanın mədəniyyət paytaxtı və Qarabağımızın ürəyi olan Şuşaya üz tutan Müzəffər Ali Baş Komandanın bu dəfə də qısa müddətdə reallaşdırılan hansısa açılışları edəcəyi və ya nələrinsə bünövrəsini qoyacağı əvvəlcədən gözlənilən idi. Bəli, artıq  son tamamlama işləri aparılan Əhmədbəyli-Füzuli-Şuşa yolu ilə tanış olan ölkə rəhbəri şanlı ordumuzun Şuşa şəhərini mənfur düşməndən azad edərkən istifadə etdikləri cığır-yolun əbədiləşdirilməsi məqsədilə tikilən bu avtomobil yolunu haqlı olaraq Zəfər yolu adlandırıb. Şəhidlərimizin canları və qanları hesabına açılan bu cığır-yol, cəmi 7 ay müddətində göz oxşayan bir yola çevrilib. Könül istər ki, işğaldan azad olunmasının ildönümündə rəsmi açılışı gerçəkləşəcək bu Zəfər yolunun ilk yolçuları da Ali Baş Komandanın ardınca 3 minə yaxış şəhidlərimizin övladları, ailə üzvləri və qazilərimiz olsun.

Dövlət başçısı Qarabağın hava qapısı adlandırdığı Füzuli Hava Limanında aparılan işlərlə də yerində tanış olub, öz tapşırıq və tövsiyələrini verdi.
Sayca dördüncü dəfə Şuşaya ayaq basan Müzəffər Komandan əsas açılışları bu qədim şəhərimizdə gerçəkləşdirdi: əsaslı təmirdən sonra Bülbülün ev muzeyinin, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin və heykəlinin, Qarabağ otelinin açılışı, eyni zamanda Şuşa şəhərinin Baş Planının təqdimatı, şəhərdə salınacaq 17 yaşayış məhəlləsindən birincisinin və dağıdılmış şeytan yuvasının yerində 300 yerlik otel-konfrans mərkəzinin təməlqoyma mərasimləri və daha nələr... Təbii ki, baş tutan tədbirlər içərisində Vaqif Poeziya günləri və bu çərçivədə Heydər Əliyev Fondu tərəfindən “Qarabağ Azərbaycan mədəniyyətinin incisidir” və “Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” sərgilərinin təşkili daha çox diqqət cəlb edən idi. Söhbət Qarabağın adı, ruhu ilə bağlı olan mühüm tarixi hadisələrin təkrarlanmasından gedir.

Cənab Prezidentin də qeyd etdiyi kimi Vaqif Poeziya Günləri ilk dəfə keçirilərkən ümummilli liderin 59 yaşı olub. Bu tarixi günü bərpa edən cənab İlham Əliyev də 39 ildən sonra növbəti dəfə keçirilən bu tarixi gündə, məhz 59 yaşında iştirak edir. Biz də nə xoşbəxt millətin nümayəndəsiyik ki, təsadüfi olmayan və böyük rəmzi məna daşıyan bu tarixin təkrarlanmasına şahidlik edirik. Şuşada keçirilən “Yaddaş. Fotoqrafik tarix” sərgisində isə göstərilən Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, gözəl təbiəti, ənənələri, Ermənistanın vaxtilə işğal altında saxladığı ərazilərdə mədəni irsimizə, tarixi-memarlıq nümunələrimizə qarşı vandalizm həyata keçirməsinin, düşmən tərəfindən tarixi-mədəni obyektlərin, dini ocaqların məhv edilməsi, bir sıra rayon və şəhərlərin, kəndlərin yerlə-yeksan olunmasının foto və videolentlərdə təcəssüm etdirilməsi və bunun da Qarabağımızın baş tacı-Şuşada sərgilənməsi, həm bura üz tutan xarici və yerli turistlərə Azərbaycan həqiqətləri və yaradılan yeni tarixi reallıqlar haqqında səlis məlumatlar verəcək, digər tərəfdən yaxın tarixdən dərs çıxarmaqla, erməni vəhşilərinin illər, əsrlər boyu azərbaycanlıların başına gətirdiyi pislikləri, işğaldan azad olunmuş rayon və şəhərlərdə ermənilərin törətdiyi vəhşilikləri, dağıntıları, o cümlədən Vətən müharibəsi zamanı mülki əhaliyə qarşı törədilən cinayətləri unutmamağımız üçün ən gözəl əyani vasitə olacaq.

Şuşanın dünəni, bu günü və sabahı ilə bağlı olan bu tarixi günlərə sıradan mədəni bir tədbir kimi baxmaq olmaz. Xarici və daxili auditoriya ünvanlanan bu sətiraltı mesajların çox böyük siyasi mənalarını görməmək mümkün deyil. Bu tarixi reallıqlardan çıxarılan üç mühüm nəticə üzərində isə xüsusi dayanmaq olar:

Birincisi, erməni vandallarına və onların havadarlarına ünvanlanan mesaj ondan ibarətdir ki, Qarabağ və onun baş tacı erməni şəhəri idisə niyə işğal atında saxladığınız 30 il müddətində bir daşı daş üstə qoymadınız? Və yaxud Dağlıq Qarabağda min bir yalanlarla iddia etdiyiniz min illik tarix boyu bir nəfər şair, yazıçı, heç olmasa “manıs” yetişmədi ki, ona abidə ucaldasınız? Heykəl qoyduğunuz da ancaq faşist Qaregin Njde və ya Monte Melkonyan kimi ASALA terrorçusu oldu. Siz ermənilərin bu müddətdə vəhşiliklə dağıtdığınız, məzarlara qədər qazıb viran qoyduğunuz bu torpaqlarda isə biz azərbaycanlılar 7 ay müddətində yuxuda görmədiyiniz işləri görüb, miras qoyduğunuz xarabalıqlarda göz oxşayan mədəniyyət nümunələri yaradırıq. Üstəgəl, bu torpağın yetişdirdiyi saysız-hesabsız tarixi şəxsiyyətlərə, elm, mədəniyyət, incəsənət xadimlərinə sahib çıxaraq onların adı ilə bağlı olan bütün ənənələri bərpa edir və dünyaya sülh çağrışları edir, daha sizlər kimi revanş hislərlə alışıb yanmırıq. Başlıca fərqimiz bax, budur. Mayası saxtakarlıqla yoğrulan erməni milləti çətin bu fərqi görmək istər. Amma əgər onların havadarları olan 30 il müddətində bu bölgəyə turistik səfərlər edən ATƏT-in Minsk qrupunun həmsədr ölkələri azca utansaydılar, ruhlar şəhərlərinə çevrilən bu ərazilərdə azərbaycanlılarla, ermənilərin yaratdığı fərqləri görüb, indiyə qədər göz yumduqları, görməzdən gəldikləri hərəkətlərə görə birincilərdən üzr istər və ikincilər qarşısında birdə belə halın təkrarlanmayacağı öhdəliyi qoyardılar.

İkincisi yeni reallıqlardan nəticə çıxarmalı olanlar hazırda Qarabağın dağlıq hissəsində qalıb yaşayan erməni vətəndaşlarımızdır. Onlar Dağlıq Qarabağın nəinki müstəqil, heç əvvəlki Muxtar Vilayət olacağını belə unutmalıdırlar. Azərbaycan ən zəif olduğu dövrdə yuxarıda adıçəkilən statuslara razılıq verməyibsə, indiki tam qalib vəziyyətində, Qarabağın ürəyində qərarlaşdığı bu tarixi əraizlərə Böyük Qayıdışa start verdiyi halda hər hansı qeyri-mümkün güzəştlərə gedəcək, əlbəttə yox. Ölkəmizin birinci şəxsinin vurğuladığı kimi Qarabağ problemi həll olunub, bu problemdən ancaq tarixdə danışmaq olar, status söhbəti də cəhənnəmə gedib. Qarabağın bir olan dağı da, aranı da Qarabağ və Şərqi Zəngəzur adlı iki ayrı-ayrı iqtisadi vilayətin tərkibinə daxil edilib. Xankəndi, Əskəran, Ağdərə, Xocəvənd ərazilərində yaşayan və  əhali sayı bizim mövcud ən kiçik rayonlardan biri qədər - təxminən  25-30 mindən çox olmayan Qarabağ ermənilərinin təcili surətdə Azərbaycan dövlətinə inteqrasiya olunmaqdan başqa yolları yoxdur. Xankəndi kimi bir şəhərin, elektrik, su problemini həll edə bilməyən separatçı rəhbərlərdən nə gözləyirsiniz? Onlar bu müddətdə ancaq özləri üçün sərvət toplamaqla məşğul olublar. Əgər başsız başçılarınız Dağlıq Qarabağ və ətraf ərazilərə 100 faiz nəzarət etdikləri vaxtda bütün imkanlardan istifadə edib o şəraiti yaratmayıblarsa, indi 3-5 faizlik müvəqqəti olduqları ərazilərdə məhdud imkanlarla edəcəklər? Heyhat...

Ona görə, ağlı-başı yerində olan erməni vətəndaşlarımız ilk növbədə bir ovuc separatçıları o torpaqlardan qovmalı, dövlət binalarının üzərindən, küçə və prospektlərdən seperatçı rejimin əski parçalarını toplayıb yandırmalı, zibil yeşiyinə atmalı, yerində vətəndaşı olduğu Azərbaycanın üçrəngli bayrağını ucaltmalıdırlar. Tövbə edib, bağışlanmağı diləmək heç vaxt gec deyil. Əks təqdirdə “Laçın dəhlizi” təkcə Ermənistanla əlaqə saxlamaq üçün deyil, həm də buralardan bir dəfəlik köç etməyiniz üçün açıq saxlanılıb. Sonra bir nəfər kimi Azərbaycan dövlət başçısına müraciət etməli, ərazidə hökm sürən aclıq-səfalət, işsizlik, infrasturuktur problemlərin həllini xahiş etməlisiniz. Şuşa, Ağdam, Zəngilan, Kəlbəcər, Qubadlı, Cəbrayıl, Füzuli, Laçında reallaşdırılan analoqu olmayan nəhəng infrastruktur layihələr niyə də Xankəndi şəhərimizdə reallaşdırılmasın? Sözsüz, bu yeni reallığı anlayan Qarabağ erməni vətəndaşlarımız var. Əgər belə olmasaydı, bu günlərdə rus sülhməramlıların müşaiyəti ilə bir qrup Xankəndi sakini Şuşanın girişində qurulan Azərbaycan postuna yaxınlaşıb, rəhbərlikdən iş üçün müraciət etməzdilər.

Nəhayət baş verənlərdən daxilimizdəki bəzi erməni yandaşları özləri üçün nəticə çıxarmalıdırlar.  Qəribədir, danışıq leksikonunda “Dağlıq Qarabağ” kəlməsinə rast gəlinən iki tip insanlar mövcuddur : erməni separatçıları və erməni baltasına sap olan özümüzünkülər. Dünənə qədər mövcud hakimiyyəti işğal altında qalan torpaqlarımızın bir santimetrini ala bilməməkdə ittiham edənlər və heç vaxtda azad edə bilməyəcəyini iddia edənlər, indidə başqa aspektdən məntiqsiz çıxışlar edirlər. Sosial şəbəkənin belə “qəhrəmanları” 44 günlük müharibəni ruslarla razılaşmanın nəticəsi kimi qələmə veərərək şəhidlərimizin həyatı bahasına başa gələn torpaqların alınmasını bir növ, şübhə altına almağa çalışırlar. Elementar araşdırma aparanda məlum olur ki, bu iddiada olanların 99 faizinin nə özləri, nə də yaxın qohumları Vətən Müharibəsində yaxından, uzaqdan iştirak etməyən, şəhid və qazisi olmayan “ermənibaş”lardır. Damarında yalnız erməni qanı axan kəs olasan ki, şəhidlərimizin müqəddəs ruhlarını incidən fikirlər səsləndirəsən. Ordumuzun Xankəndinə daxil olmasına imkan verməməyi Ali Baş Komandana irad tutanlar yaxşı anlayırlar ki, ermənilərin toplum şəkildə illər boyu yaşadığı bu əraziyə silahlı hücum etnik təmizləmə kimi dəyərləndirilməklə, Ermənistan və onun havadarlarının əlinə bəhanə verər, dünya güclərini bizim əleyhimizə çevirər, hətta qazandığımız qələbəni əlimizdən ala bilərdi. Hər şeyi - nəyi, necə və nə vaxt etməyi də hamıdan yaxşı bilən Ali Baş Komandan məramı heçdə sülh yaratmaq olmayanların və separatçı tör-töküntülərinin müvəqqəti nəzarət etdiyi ərazilərdə de-yure il yanaşı de-fakto sahiblənəcəyimiz vaxtı da heç şübhəsiz ki, dəqiqliklə bilir. Məgər, bütün rəsmi, qeyri-rəsmi görüşlərində, az qala hər həftə xarici və yerli mətbuata verdiyi müsahibələrdə Qarabağın bu günü və sabahı ilə bağlı səsləndirdiyi fikirlər və ən əsası işğaldan azad olunan ərazilərdə görülən kompleks işlər bundan xəbər vermirmi? Ortada Azərbaycan, Ermənistan və Rusiyanın imza atdığı üçtərəfli bəyannamə mövcuddur. Düzdür, sənəddə indiyə qədər yerinə yetirilməyən müddəalar da var. Amma Rusiya prezidenti cənab Vladimir Putinin dəfələrlə qeyd etdiyi kimi bəyannamənin tam həyata keçiməsindən başqa yol yoxdur, Əgər Ermənistan Qarabağ üzrə razılaşmadan imtina edərsə, bu, onlar üçün intihar olar!

Doğurdan da siyasət böyük elmdir. Siyasət naşıları sevmir. Təəssüf ki, bizdə özünə ya iş tapa bilməyən, ya da sahib olduğu peşədə özünü doğrulda bilməyən bəzi müxaliflər adını siyasətçi qoyub, digər ictimai-siyasi məsələlər kimi, Qarabağ mövzusuna da ağlına və ağzına gələn şərhlər verirlər. Unudurlar ki, Qarabağ cənab İlham Əliyev hakimiyətinin bundan sonra neçə on illərlə ölkəyə rəhbərliyi üçün əsas səbəblərdən birinə çevrilib. Sahədə qalib olduğu kimi masada da Qarabağ söz-söhbətinin beynəlxalq səviyyədə müsbət sonluqla başa çatdırmağın yeganə təminatçısı da yenə İlham Əliyev amilidir. Görünən, bilinən tək fakt odur ki, bu xalq bir də heç vaxt 90-cı illərə qayıtmaq istəmir.

İslam dinimizdə qeyd olunur ki, ən bədbəxt insan o kəsdir ki, nəfsani istəklərinin ardınca gedər, həyatda hər şeydən şikayətlənər, nə istədiyini də bilməz. O insanlar həm də xoşbəxt olan bir şeyə özü də sevinməz, başqalarının sevinməsinə də hər vəchlə mane olar.

Uzun illər sağalmaz düyünə çevrilən Qarabağ müharibəsində qəhrəman igidlərimizin döyüşlə qazandığı qələbə son 100 ildə azərbaycanlıların başına gələn ən sevincli hadisələrdən biridir. Buna siz sevinə bilmirsiniz başa düşürük, amma imkan verin qələbəyə illərlə həsrət qalan bu millət doyunca sevinsin!

Əfsun Sucayev
YAP İdarə Heyətinin üzvü,
AMEA Aşqarlar Kimyası İnstitutnun icraçı direktoru,
elmlər doktoru


Xəbər xətti