“Rasim Ocaqov Milli Kinomuzun simvoludur” – Şəfiqə Məmmədova

16:37 - 19 Noyabr 2020 - Mədəniyyət

 “Bir vaxtlar Azərbaycan milli kinosunun özündə elə bil ayrıca “kino adası” vardı - “Ocaqovun kinosu” var idi, var və həmişə yaşayacaq. Sanki özü üçün yaratmışdı o aləmi.. Öz senaristləri ilə, öz sevimli aktyorları ilə, öz bəstəkarları ilə, yaradıcı heyəti ilə və bu aləm sözün əsl mənasında onun əsl həyatı idi.

Başqa həyatı özü üçün istəmirdi . Və mən özümü xoşbəxt insan sayıram ki, Rasimin sənət aləmində, onun kinosunda var idim. Mən onun ən şöhrətli, ən uğurlu filmlərində çəkilmişəm.

Bir yerdə yaşadıq o uğurları - “İstintaq” filminə görə SSRİ Dövlət Mükafatına, “Ad günü” filminə görə isə Azərbaycan Dövlət Mükafatına laiq görüldük. Bu filmlər mənim həyatımda, taleyimdə ən bəxtəvər və gözəl illər kimi yadda qalacaq.

Rasim Ocaqov öz aktyorlarını çox sevirdi. Onun üçün filmin uğurunu şərtləndirən əsas amil aktyor ansambılının bütövlüyü idi...
Heç bir məsələdə kompromislərə getməzdi...
Dostluqda çox möhkəm, vəfalı və sədaqətli idi.

Rasim Ocaqov mənalı və gözəl həyat yaşadı. Düz yaşadı! Heç nədə gözü yox idi. Azərbaycan Milli Kinosu idi onun varlığı, həyatı. Kamera, çəkiliş meydançası və öz dünyası - bunlar idi onun dövləti, varı.O da bu varlığı, çəkdiyi filmləri öz xalqına miras qoyub gedib. Xalqım da yaşadır onun adını həmişə. Elə çəkdiyi filmlər də Rasim Ocaqovu əbədi yaşadacaq! Hansısa tədbirdə çıxış edəndə etiraf elədim ki, “ Mən səhnədə və çəkiliş meydançasında çox xoşbəxt və azad idim”.

Kamera qarşısında isə çətin məqamlarda azad və xoşbəxt olmaq, yaşamaq, yaratmaq hissini mənə Rasim Ocaqov bəxş edib. Bunlar üçün mən Rasimə minnətdaram!
Minnətdaram onun mənə olan böyük hörmətinə görə, diqqətinə görə, sevimli aktrisası olmağıma görə və çox uzun illər davam edən dostluğumuza görə.

Ömrünün son aylarında bir yerdə idik həmişə. Demək olar hər gün İttifaqımızda görüşürdük. Hansısa səbəblərdən çəkilişləri dayandırmışdı. Çox narahat idi. Özünə yer tapmırdı.

Nəhayət bir gün çox ehtiyatla soruşdum; Rasim, nədir səni incidən, səni belə narahat edən? Üzümə baxdı və susdu. Sonra çox inandırıcı və məyus şəkildə cavab verdi:
 “Çəkmirəm, deməli yaşamıram. Mən belə yaşaya bilmirəm. Mən belə yaşamaq istəmirəm”.

Elə də oldu......... Rasim yaşamadı.........
Azərbaycan Milli Kinomuza elə bir böyük itki üz vermişdi ki, bu günə kimi biz onun ağrısını çəkməkdəyik. Ömrünü Azərbaycan kinosuna həsr elədi Rasim Ocaqov və özü ilə kinomuzun təkrarsız epoxasını da apardı.

Artıq bu gün Rasim Ocaqov Milli Kinomuzun bir simvolikasıdır!

PS: Xatirələrim o qədər çoxdur ki, qismət olsa Rasim Ocaqov haqda bir xatirə kitabı yazacam...

Şəfiqə Məmmədova
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri,
SSRİ və Azərbaycan Dövlət Mükafatları laureatı, professor.

Xəbər xətti