Beyləqanda süd qəbulu məntəqəsinin fəaliyyəti dayandırıldı

18:15 - 17 Aprel 2026 - ÖLKƏ İÇİ

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Beyləqan rayonunun Dünyamalılar kəndində fəaliyyət göstərən və Qaryağdı Əsəd oğlu Təhməzova məxsus olan süd qəbulu məntəqəsində yoxlama keçiriblər.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, yoxlama zamanı bir sıra nöqsanlar aşkarlanıb. Məntəqəyə və ya məntəqədən daşınan hər bir süd partiyasının müvafiq müşayiətedici baytarlıq sənədləri ilə təmin olunmadığı, qida məhsulunun komponenti kimi istifadə edilən suyun filtrdən keçirilmədiyi, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı məlum olub. Həmçinin döşəmənin, divar səthlərinin təmirsiz olduğu və asan təmizlənən materialla üzlənmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, işçi heyətin xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin edilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar müəyyən edilib.

Müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunaraq süd qəbulu məntəqəsinin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.

Xəbər xətti