Suriya və İsrail arasında münasibətlərin normallaşdırılması və təhlükəsizlik sazişi bağlanması üçün aparılan danışıqlar çıxılmaz vəziyyətdə deyil, lakin ciddi çətinliklərlə davam edir.
Ucnoqta.az xəbər verir ki, Suriya prezidenti Əhməd əl-Şara bunu Türkiyənin Anadolu xəbər agentliyinə verdiyi müsahibədə bildirib.
"Biz regional sabitliyi qoruyacaq təhlükəsizlik sazişinə çatmağa ciddi şəkildə sadiqik. Danışıqlar çıxılmaz vəziyyətə düşməyib, lakin İsrailin Suriya ərazisində mövcudluğunu qorumaqda israrlı olması səbəbindən ciddi çətinliklərlə irəliləyir", - deyə Suriya lideri bildirib.
O qeyd edib ki, onun fikrincə, İsrail Suriyaya qarşı həddindən artıq sərt davranır. Buna baxmayaraq, Dəməşq İsrailə qarşı güc tətbiq etmək niyyətində deyil və Livanda davam edən gərginliyə baxmayaraq, ikitərəfli münasibətlərin sırf diplomatik kanallar vasitəsilə həlli istiqamətində çalışmağa davam edəcək.