Rusiyalı iş adamı və "Güclü Ermənistan" partiyasının lideri Samvel Karapetyan bildirib ki, Baş nazir Nikol Paşinyan dost Rusiyanı regiondan uzaqlaşdırmağa, Ermənistanı geosiyasi münaqişə meydanına çevirməyə çalışır.
Ucnoqta.az xəbər verir ki, o, bununla bağlı "Facebook"da yazıb.
"O, Moskvada özünü rüsvay etdi. Amma daha pisi: ardıcıl addımlarla ölkəmizi geosiyasi münaqişə meydanına çevirib. Dost Rusiyanı regionumuzdan uzaqlaşdırmağa çalışmaq nə üçün lazım idi? Onun mövcudluğu heç vaxt Ermənistanın digər güc mərkəzləri ilə əməkdaşlığına və ticarətinə mane olmayıb. Və əminəm ki, bu, gələcəkdə də mane olmayacaq", - Karapetyan qeyd edib.
Karapetyan bildirib ki, 7 iyunda keçiriləcək parlament seçkilərində erməni xalqı bir seçimlə üzləşir: "Paşinyan səbəbindən iyulda Rusiya ilə iqtisadi müharibə, ya da iyunda Ermənistana gətirəcəyimiz dəyişikliklər".
"Rusiya ilə ən dərin iqtisadi əlaqələrimiz var. Rusiya bizi ucuz qazla təmin edir, mövsümi işçilərimizi qəbul edir və kənd təsərrüfatı məhsullarımızın əhəmiyyətli bir hissəsini alır. Əgər bütün bunlara son qoyularsa, daha da yoxsullaşacaq xalqımıza hansı cavabı verəcəksiniz? Amma bugünkü baş nazirin nə soydaşlarımızın taleyi, nə də onların ciblərinin və soyuducularının içindəkiləri maraqlandırmır. Onun üçün əsas məsələ yalançı müharibələrdən qorxu vasitəsi kimi istifadə edərək öz rifahı naminə hakimiyyətdə qalmaqdır", - deyə mesajda bildirilir.
Xatrıladaq ki, bir neçə gün əvvəl Ermənistanın baş naziri Rusiyada səfərdə olmuş, Rusiya prezidenti Vladimir Putinlə görüşmüşdü. Gərgin keçən görüşdə Putin Paşinyandan Ermənistanda keçirilən seçkilərdə rusiyalı siyasətçilərin iştirakını istəmişdi. Paşinyan isə onun bu istəyini rədd etmişdi.