"Afaq Bəşirqızı artıq neçə ildir ki, həyatını, canını bu xalq üçün, millət üçün, sənətin yolunda fəda edib. İndi vuraq onu, pisləyəkmi?".
Ucnoqta.az xəbər verir ki, Xalq Artisti Nazpəri Dostəliyeva Afaq Bəşirqızı barəsində Buta.ws-ə özəl açıqlama verib.
- Nazpəri xanım, sizdən Afaq xanımla bağlı məsələyə görə açıqlama almaq istəyirik. Sizin bu məsələ barədə fikriniz nədir?
- Bu aydın məsələsədir. Bütün gündəmi bürüyüb. Nə var ki, burada? Adam əsəbləşə bilər, coşa bilər.
- Sizcə bu məsələyə görə onu baltalamaq olarmı?
- Afaq Bəşirqızı artıq neçə ildir ki, həyatını, canını bu xalq üçün, millət üçün, sənətin yolunda fəda edib. İndi vuraq onu, pisləyəkmi? Əlbəttə, onu bu məsələyə görə baltalamaq olmaz. İnsan robot deyil. İnsan əsəbi də ola bilər. Bu o deməkdir ki, neçə ilin böyük sənətkarını hərə bir tərəfdən baltalasın? Afaq Bəşirqızı nəinki Azərbaycanda, bizdən çox-çox uzaq ölkələrdə tanınır. Afaq Bəşirqızı Azərbaycan mədəniyyətində, incəsənətində öz imzasını atıb. Ayıb olsun o saytlara ki, durub ağızlarına gələni yazırlar. Olmaz, o bizim böyük sənətkarımızdır. Mən bütün halları başa düşürəm. Amma o boyda sənətkara durub ağızdan çıxanı demək absurddur.
- Sizcə, bu ona qarşı törədilən təxribatdırmı?
- Hər şey ola bilər. Mən dəqiq heç nə deyə bilmərəm. Hər şeydən qabaq Allah ləhnət eləsin şeytana. Mən demək istəyirəm ki, biz Elgizin xətrini çox istəyirik. Yaxşı aparıcıdır. Onun komandası da yaxşı işləyir. İnanın mənə, bu təsadüfi anlaşılmazlıqdır. Vəssalam, oldu, bitdi... Hər insan bunu başa düşməlidir. Afaq Bəşirqızı şəxsən mənim çox hörmət etdiyim sənətkardır. Bəşirqızı... O yalnız, Afaq Bəşirqızı olaraq sevilməyib, Bəşirin qızı olaraq, o boyda sənətkarımız Bəşir Səfəroğlunun qızı olaraq da sevilib. Belə insanlara toxunmaq günahdır. Mən çox istəyərdim ki, bu məsələni bağlasınlar. Artıq uzatmayın. Sizdən də, mətbuat işçilərindən də xahişim budur ki, bu məsələni uzunçuluğa aparmayın. Onsuz da insanların çox gərgin vaxtıdır. Bizim keçid dövrümüzdür. Hər kəs acı həyat yaşayır. Əgər insanlar bayıra çıxa bilmirsə, təmiz hava qəbul edə bilmirsə, həmin insanlarda aqresiya, əsəb yaranır. Nəyə lazımdır bu məsələni atıblar ortalığa. Əsəbi, aqresiyalı insanları biraz da qıcıqlamaq olmaz. Xalqımız hər kəsi gözəl tanıyır. Qurban olum, Azərbaycan xalqına ki, sənətkarını həmişə dəyərləndirir.