ABŞ mətbuatında yayılan xəbərlərdə Şimali Koreya lideri Kim Çen Inın keçən həftə ürək əməliyyatı keçirdiyi və vəziyyətinin ağır olduğu iddia edilib.
"CNN"in ABŞ kəşfiyyat mənbəyindən əldə etdiyi xəbərə görə, Şimali Koreya liderinin keçirdiyi ürək əməliyyatından sonra vəziyyəti ağır olaraq qalır. Ölkənin ən vacib bayramlarından biri olan 15 aprel Kim Çen Inın babasının doğum günü ilə bağlı keçirilən tədbirdə onun iştirak etməməsi isə bu iddiaları daha da gücləndirib.
Çin Xarici İşlər Nazirliyi Kim Çen Inla bağlı xəbərləri izlədiklərini, lakin məlumatın mənbəyini müəyyən edə bilmədiklərini açıqlayıb.
Cənubi Koreya mətbuatında isə Kim Çen Inın 12 apreldə keçirdiyi əməliyyatdan sonra Şimali Koreyanın istirahət bölgəsi sayılan Hyanqsandakı bir villada dincəldiyi iddia olunub.
Xəbərlərdə Kim Çen Inın səhhətinin pisləşməsinə son aylarda həddindən artıq siqaret çəkmə, artıq çəki və ağır iş qrafikinin səbəb olduğu qeyd olunub.
Sonuncu dəfə aprelin 11-də hökumət iclasında göründüyü bildirilən Şimali Koreya liderinin koronavirusa yoluxmadığı, onun avqust ayından bəri ürək-damar problemlərindən əziyyət çəkdiyi qeyd olunub. ///qafqazinfo