ÜST: Dünyada koronavirusa yoluxanların sayı 72 mindən çox artıb

23:53 - 20 Aprel 2020 - DÜNYA

Aprelin 20-si saat 12:00 üçün dünyada koronavirusa yoluxanların sayı 2 314 621 nəfərə çatıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir. Məlumata əsasən, ötən sutka ərzində 72 846 nəfər yeni koronavirusa yoluxub, 5 296 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 2 314 621 nəfərə, ölənlərin isə 157 847 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Avropa regionunda qeydə alınıb - 1 149 071 yoluxma və 103 586 ölüm halı. Avropa regionunda sutka ərzində 26 882 yoluxma halı, 2 648 ölüm halı qeydə alınıb.
İkinci yerdə Cənubi və Şimali Amerika qərarlaşıb. Burada aprelin 15-nə olan məlumatlara əsasən, yoluxanların sayı 858 631 nəfərə, ölənlərin sayı isə 40 615 nəfərə çatıb.
Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 132 438 yoluxma və 5 648 ölüm halı qeydə alınıb.

Ölkələr üzrə hesabatda ən çox yoluxma halları ABŞ-da (723 605), İspaniyada (195 944), İtaliyada (178 972), Almaniyada (141 672), Böyük Britaniyada (120 071), Fransada (111 463), Türkiyədə (86 306), Çində (84 237), İranda (82 211) və Rusiyada (42 853) qeydə alınıb.

 

Xəbər xətti