Bu ilin yanvar-mart aylarında Azərbaycanda magistral neft kəmərləri ilə 9 506,9 min ton neft nəql edilib, bu da 2019-ci ilin müvafiq dövrü ilə müqayisədə 5% azdır.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, nəqletmənin 80,2%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və cari ilin yanvar-mart aylarında ərzində bu kəmər vasitəsilə 7 627 min ton neft ötürülüb (2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə 6,4% azalma).
"Dövr ərzində BTC kəməri ilə 1 110,3 min ton tranzit nefti də (6,3% azalma – red.) nəql edilib", - məlumatda qeyd edilir.
Qeyd edək ki, ötürmə qabiliyyəti gündə 1 mln. bareldir. BTC boru kəmərinin neftlə doldurulmasına 2005-ci il mayın 6-da başlanılmış və bu kəmərlə nəql edilmiş ixrac xam nefti yüklənmiş ilk tanker 2006-cı il iyunun 4-də yola salınıb.
Xatırladaq ki, "BTC Co."nun səhmdarları sırasına isə BP (30,1%), "AzBTC" (25%), MOL (8,9%), "Equinor" (8,71%), TPAO (6,53%), "Eni" (5%), "Total" (5%), ITOCHU (3,4%), INPEX (2,5%), "ExxonMobil" (2,5%) və "ONGC (BTC) Limited" (2,36%) şirkətləri yer alıb.