Dünyada koronavirusla bağlı son STATİSTİKA

08:41 - 17 Aprel 2020 - DÜNYA

Son sutka ərzində dünyada koronavirus infeksiyasına 95 mindən çox insan yoluxub, təxminən 7 min nəfər bu virusun qurbanı olub.

Bölgələr və ölkələr üzrə COVID-19 virusuna yoluxanların qeydiyyatını aparan “Worldometer” bu barədə məlumat yayıb. 16 aprel tarixli statistikaya görə, dünyada indiyədək 2 181 308 nəfər yeni növ koronavirusa yoluxub, 145 470 nəfər isə bu ölümcül virusun qurbanına çevrilib. Son gün ərzində 95 022 insanda koronavirus aşkarlanıb, ölənlərin sayı isə 6996 nəfər artıb.

Ən çox yoluxma və ölüm halları Avropa regionunda qeydə alınıb – 1 015 507 yoluxma və 92 224 ölüm. Sutka ərzində burada yoluxanların sayı 44 750, ölənlərin sayı isə 3905 nəfər artıb.

Şimali Amerikada virusa yoluxanların ümumi sayı 724 560 nəfər təşkil edir, indiyədək 36 709 nəfər də ölüb. Cənubi Amerikada vəziyyət nisbətən ürəkaçandır – 67 591 yoluxma və 3057 ölüm faktı.

Yoluxma sayı üzrə üçüncü yeri Çin, Koreya Respublikası və Yaponiyanın daxil olduğu Asiya qitəsi tutur. Son məlumata görə, burada 345 970 yoluxma, 12 426 ölüm faktı qeydə alınıb.

İndiyədək dünyada 547 069 nəfər müalicə üsulu ilə virusdan xilas olub.

Ən çox yoluxanlar ABŞ-dadır – 677 570 nəfər. Onun ardınca İspaniya (184 948), İtaliya (168 941), Fransa (165 027), Almaniya (137 698) və Böyük Britaniya (103 093) gəlir.///Apa

Xəbər xətti