Dünyanın ən böyük dərman şirkəti və peyvənd istehsalçılarından ikisi - Sanofi Pasteur və GlaxoSmithKline (GSK)- COVID-19-a qarşı peyvəndin tapılmasını sürətləndirmək üçün qüvvələrini birləşdirib.
APA-nın "Associated Press"ə istinadən verdiyi xəbərə görə, əczaçılıq sahəsində lider olan şirkətlər eksperimental peyvəndin "Sanofi"nin istehsal etdiyi qrip peyvəndi üzərində qurulacağını və peyvəndin təsirini artırmağa kömək edən GSK-nın istehsal etdiyi müvafiq gücləndirici elementin əlavə olunacağını bildiriblər.
GSK-nın baş direktoru Emma Walmsley deyib ki, iki şirkətin elmi təcrübəsi və texnologiyasını birləşdirməsi təsirli COVID-19 peyvəndi hazırlanmasını daha da sürətləndirəcək.
Peyvəndin bu ilin ikinci yarısında ilkin klinik sınaqlara başlanacağı bildirilir.