Son 17 ildə (2003-2019-cu illər) Azərbaycanda 379,9 mlrd. kubmetr qaz hasil edilib.
"APA-Economics"in Nazirlər Kabinetinin 2019-cu il fəaliyyətinə dair hesabatında qeyd edilən göstəricilərinə əsasında apardığı hesablamalara görə, ölkədə qaz hasilatı üzrə ən yüksək göstəricisi 2019-cu ildə qeydə alınıb və 35,6 mlrd. kubmetr təşkil edib. Ən aşağı göstərici 2004-cü ildə olub və 5 mlrd. kubmetr təşkil edib.
Hesablamalara əsasən, 2003-cü ildən (5,2 mlrd. kubmetr) 2019-cu ilədək (35,6 mlrd. kubmetr) Azərbaycanda qaz hasilatı 6,8 dəfə artıb.
Ölkədə qaz hasilatının artması Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağının işlənilməsinin ikinci mərhələsinin həyata keçirilməsi ilə bağlıdır.
BP-nin (layihənin operatoru) məlumatına əsasən, ötən il "Şahdəniz"dən 16,8 mlrd. standart kubmetr qaz hasil edilib ki, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə 46% çoxdur.
Xatırladaq ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub.
Layihənin iştirakçıları – BP (operator – 28,8%), "AzSD" (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.