İranda daha 75 nəfər koronavirusun qurbanı olub
14:58 - 12 Mart 2020 - DÜNYA
İranda daha 75 nəfər koronavirusun qurbanı olub.
“Report” IRNA-ya istinadən xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə infeksiyadan ölənlərin sayının 429 nəfər olduğunu açıqlayıb.
O bildirib ki, daha 1 075 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 10 075nəfərə çatıb.
K.Cahanpur həmçinin 3 276 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını da vurğulayıb.
Ölkənin birinci vitse-prezidenti İshaq Cahangiri, sənaye, mədən və ticarət naziri Rza Rəhmani, səhiyyə nazirinin müavini İrəç Hərirçi, vitse-prezident Məsumə Ebtekar, fövqəladə hallar təşkilatının başçısı İsmayıl Naccar, sabiq ədliyyə naziri Mustafa Purməhəmmədi də daxil olmaqla 23 deputat koronavirusa yoluxub.
Bundan başqa, qadın deputat Fatimə Rəhbər, İranın Vatikandakı keçmiş səfiri Hadi Xosrovşahi, İran Məsləhət Şurasının üzvü Seyid Məhəmməd Mirməhəmmədi və İran XİN başçısının sabiq müşaviri Hüseyn Şeyxülislam koronavirusdan ölüb.
Martın 11-i koronavirusa yoluxmuş İran parlamentinin millət vəkili Zöhrə İlahian tam müalicə olunaraq evə buraxılıb.