İranda daha bir vəzifəli şəxs virusa yoluxdu

16:50 - 3 Mart 2020 - DÜNYA

İran Təcili Tibbi Yardım Xidmətinin başçısı Pirhüseyn Kulivənd koronavirusa yoluxub.

Məlumatı İran Təcili Tibbi Yardım Xidmətinin Mətbuat Xidməti yayıb.

Bildirilib ki, P.Kulivənd virusa yoluxduqdan sonra müalicə olunur: “O, özünü yaxşı hiss edir”.

Qeyd edək ki, İran səhiyyə nazirinin müavini Əlirza Rəisi ölkədə koronavirusdan ölənlərin sayının 77 nəfərə çatdığını bildirib.

Onun sözlərinə görə, daha 835 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 2 336 nəfərə çatıb. Bu günədək 435 nəfər isə koronavirusdan sağalıb.

Ölkənin səhiyyə nazirinin müavini İrəç Hərirçi, vitse-prezident Məsumə Ebtekar və sabiq ədliyyə naziri Mustafa Purməhəmmədi də daxil olmaqla 23 deputat koronavirusa yoluxub.

Bundan başqa, İranın Vatikandakı keçmiş səfiri Hadi Xosrovşahi və İran Məsləhət Şurasının üzvü Seyid Məhəmməd Mirməhəmmədi koronavirusdan ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 78 ölkə və regionu əhatə edir.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 92 235-ə çatıb. Bunların 48 438 nəfəri sağalıb, 3 131 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də yeni növ pnevmoniyanın adını COVID-19 qoyub. /report

Xəbər xətti