Belarusda SARS-CoV-2 koronavirusuna ilk yoluxma faktı qeydə alınıb.
Bu barədə Belarusun Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, infeksiya iranlı tələbədə aşkarlanıb.
Qurum Cənubi Koreya, İran və İtaliyada koronavirusla əlaqəli vəziyyətin pisləşməsi səbəbindən Belarus səlahiyyətlilərinin, bu ölkələrdən gələn bütün vətəndaşların müayinə və laborator diaqnostikası keçirmək qərarına gəldiyini açıqlayıb.
“Fevralın 27-də laboratoriya yoxlamaları zamanı fevralın 22-də Bakıdan reyslə Belarusa gələn İran vətəndaşında virus aşkarlanıb”, -deyə nazirliyin məlumatında bildirilir.
Hazırda xəstə və onunla əlaqədə olan şəxslər Minsk Yoluxucu Xəstəliklər Xəstəxanasında xüsusi palatalara yerləşdirilib. Tələbə özünü qənaətbəxş hiss edir.
Qeyd olunur ki, Belarus hökuməti koronavirusun yayılmasının qarşısını almağa yönəlmiş sanitar və epidemioloji tədbirlər həyata keçirir./qafqazinfo