İranda bu günədək daha 13 nəfər yeni koronavirusa (Covid 19) yoluxub.
Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin müdiri Kiyanuş Cahanpur deyib. Onun sözlərinə görə, bu rəqəm aparılan analizlərin nəticəsində əldə olunub.
Cahanpur əlavə edib ki, virusa yoluxanların əksəriyyəti Qum şəhəri sakinidir və ya son günlərdə bu şəhərə səfər edənlərdir.
Nazirlik rəsmisi qeyd edib ki, 13 nəfərin 7-si Qum şəhəri, 4-ü Tehran, 2-si isə Gilan vilayətindədir.
Cahanpur deyib ki, Ərak şəhərində koronavirus şübhəsi ilə əlaqədar 8 nəfərin bu virusa yoluxmadığı bəlli olub. Ərak şəhərində virusa yoluxan həkimin vəziyyəti ötən günlə müqayisədə yaxşıdır.
Nazirlik rəsmisi ötən günlər ərzində 735 nəfərdən çox şəxsin yeni koronavirus şübhəsi ilə xəstəxanada yatırıldığını deyib.
Qeyd edək ki, ümumilikdə bu virusa yoluxanların sayı 18-ə çatıb. 19 fevralda İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi 2 nəfərin yeni koronavirusa yoluxması nəticəsində dünyasını dəyişdiyini təsdiqləyib./trend