"Yeni növ koronavirus epidemiyasına qarşı mübarizədə tibbi xalat, maska, əlcək və digər qoruyucu vasitələrin çatışmazlığına şahid oluruq".
APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş katibi Tedros Adanom Gebreisus deyib.
O bildirib ki, ÜST hər bölgəyə maskalar, əlcəklər, respiratorlar və tibbi xalatlar göndərir: “Ancaq müxtəlif ölkələr tibb işçilərinin istifadə etməli olduğu qoruyucu vasitələrin çatışmazlığı ilə üzləşir. Mən pandemiya təchizatı zənciri şəbəkəsi ilə problemlərin müəyyənləşdirilməsi, həll yollarının tapılması və avadanlıqların ədalətli şəkildə paylanması üçün müzakirələr aparacağam”.
ÜST-ün baş katibi qeyd edib ki, son iki gündə Çində virusa yoluxanların sayında azalma müşahidə olunur. "Bu, yaxşı xəbərdir, amma bu barədə biz çox diqqətli olmalıyıq. Rəqəmlər yenidən arta bilər".