ABŞ Prezidenti Donald Tramp İsrailin Baş Naziri Binyamin Netanyahu ilə birlikdə mətbuat konfransı keçirib.
“Qafqazinfo”nun xarici KİV-ə istinadən məlumatına görə, Tramp təktərəfli hazırlanmış “Əsrin razılaşması” – Yaxın Şərq üzrə Sülh Planını açıqlayıb. Razılaşmanı Fələstin-İsrail məsələsini “həll etmək üçün” hazırladığını deyən Tramp sülhə doğru mühüm addım atıldığını qeyd edib:
“Tarixin qaranlıq səhifələri İsrail xalqı üçün heç vaxt geri qayıtmayacaq. İsrailə səfərim zamanı Fələstin lideri Mahmud Abbasla bir araya gəlmişdim. Fələstin xalqı daha yaxşı həyata layiqdir. Ancaq onlardan alət kimi istifadə edənlərin tələsində ilişib qalıblar. İsrail, həqiqətən, sülh istəyir. Gələcəkdə Fələstin dövlətinə çevriləcək bir ərazi quracağıq. Burada Qüds İsrailə məxsus paytaxt olacaq. İki dövlətli keçid dövründə İsrailin təhlükəsizliyi heç bir halda güzəştə gedilməyəcək. Gecə klublarına, avtobuslara hücumlar bir daha olmayacaq.
Mən İsrail üçün çox şey etdim. ABŞ səfirliyini Qüdsə köçürdüm. Qolan təpələrinin İsrailə məxsus olduğunu tanıdım. Fələstinlilər üçün də çox şey etməliyəm. Əks halda, haqsızlıq olar. Fələstinlilərin də müstəqil ölkəyə sahib olmaq şansı yaranacaq. Bu xəritə ilə paytaxtı Şərqi Qüds olan Fələstin olacaq. Ortaya qoyduğumuz plan fələstinlilərin torpaqlarını iki qat artıracaq. Paytaxtlarında ABŞ səfirliyi açılacaq”.
Tramp yeni qurulacaq Fələstin dövlətinə 50 milyard dollarlıq sərmayə qoyuluşunun təmin olunacağını bildirib:
“1 milyon fələstinli üçün iş imkanı təmin ediləcək. Fələstin xalqının gəliri iki-üç dəfə artacaq. Bizim planımız fələstinlilərin artıq yardımla yaşamaq dövründən çıxaraq öz ayaqları üzərində dayanmalarını təmin etməkdir. Fələstin lideri Mahmud Abbasa səslənirəm: bu torpağı götürün və öz dövlətinizi qurun. İllərdir inkişaf edə bilmirsiniz. Fələstinlilər bu razılaşmanı incələsin. Fələstin nəhayət müstəqil və möhtəşəm bir dövlət olsun. Cənab Abbas, sülh yolunu seçsəniz, ABŞ və digər ölkələr sizin yanınızda olacaq.
Qüds hər dindən olan insanlara açıqdır. Fələstin öz gələcəyini yaxşıya doğru dəyişdirmək üçün qərara gəlməlidir. Bir çox lider mənə zəng vurdu və lazımdırsa, etməyə hazır olduqlarını bildirdi”.