İraqda amerikalı hərbçilərin olduğu “Bələd” hərbi bazası növbəti dəfə raket atəşinə tutulub.
Publika.az BBC-yə istinadən xəbər verir ki, bazaya azı 7 raket atılıb. Hücum zamanı 4 iraqlı hərbçinin yaralandığı deyilir. Bəzi dairələr yaralı sayının daha çox olduğunu yazır. Tələfatın qeydə alındığı istisna edilmir.
Yerli mənbələrin məlumatına görə, naməlum istiqamətdən atılan “Katyuşa” tipli raketlərin əksəriyyəti hədəfə tuş gəlib. Hazırda ərazidə şiddətli partlayışlar davam edir.
Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməsə də, hücumun İran dəstəkli qüvvələr tərəfindən təşkil olunduğu güman edilir.
Qeyd edək ki, Səlahəddin şəhərində yerləşən “Bələd” hərbi bazası İraqın ən böyük hərbi bazasıdır.