Tehran vilayətinin Parand şəhəri yaxınlığında vurulan Ukraynaya məxsus sərnişin təyyarəsinin qara qutusu açılmaq üçün Fransaya göndəriləcək.
Trend-in məlumatına görə, bunu İranın Mülki Aviasiya Təşkilatının qəzalar üzrə idarəsinin baş direktoru Həsən Rzayifər deyib. H.Rzayifərin sözlərinə görə, layner müasir təyyarələrdən olduğuna görə, onun İranda oxunması texnologiyası yoxdur.
O, əlavə edib ki, bu səbəbdən, qara qutu açılarkən ona xəsarət yetirilə bilər:
“Kanada, Fransa və ABŞ-a qara qutunun məlumatlarının yüklənməsi üçün proqram və avadanlığın İrana gətirilməsi ilə bağlı müraciət olunsa da, bu ölkələr İranın təklifini qəbul etməyiblər”.
Təşkilat rəsmisi qeyd edib ki, İranın Fransa ilə qara qutuların məlumatlarının yüklənməsi haqda əməkdaşlıq razılaşmasının olduğunu nəzərə alaraq bu ölkəyə təklif edilib.
Qeyd edək ki, 8 yanvarda İranın Tehran vilayətinin Parand şəhəri yaxınlığında Ukraynaya məxsus təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində 176 nəfər həlak olub. İranın Silahlı Qüvvələri Baş Qərargahı bu gün (11 yanvar) bəyanat verərək təyyarənin İranın Havadan Müdafiə Sistemi tərəfindən səhvən vurulduğunu bildirib.