Rusiyanın Zabaykalsk vilayətindəki hərbi hissələrdən birində ikisi zabit olmaqla, səkkiz xidmət yoldaşını güllələyərək öldürən və üç hərbçini yaralayan əsgər Ramil Şamsutdinov açıq məktub yazıb. O, öldürdüyü hərbçilərin ailələrinə müraciət edib.
Bu barədə “Baza” “Telegram” kanalı xəbər yayıb.
“Mən xidmət etmək, Vətənimi qorumaq istədim, xidmətdən sonra da həyatımı ordu ilə bağlamaq istədim. Ancaq belə bir cəhənnəmə gedəcəyimi gözləmirdim. Qaçmağa və şikayət etməyə yer yox idi”, - deyə o, məktubunda yazıb.
Xatırladaq ki, ötən ilin oktyabrın 25-də gecə növbəni dəyişərkən əsgər Şamsutdinov xidmət yoldaşlarını soyuqqanlılıqla öldürüb, yaralıların başlarına atəş açıb. Əsgərin hərbi hissədə müntəzəm olaraq alçaldılmasına və təhqir olunmasına görə bu addımı atdığı təsdiqlənib.
Hüquq-mühafizə orqanları Şamsutdinovun hərbi hissədə necə alçaldıldığına dair videokadrları təqdim edib./oxu.az