İran generalı Qasım Süleymaninin İraqda ABŞ-ın raket zərbələri nəticəsində öldürülməsi bütün Yaxın Şərqdə gərginliyin artmasına gətirib çıxaracaq.
APA-nın verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds xüsusi təyinatlı qüvvələrinin başçısı, general Qasım Süleymaninin öldürülməsi ilə bağlı yaydığı bəyanatda bildirilib.
“Süleymaninin ABŞ-ın raket zərbələri nəticəsində öldürülməsinə bütün regionda gərginliyin artmasına gətirib çıxaracaq avantürist addım kimi baxırıq. Qasım Süleymani İranın milli maraqlarının qorunmasına sədaqətlə xidmət edirdi. İran xalqına başsağlığı veririk”, - deyə bəyanatda qeyd olunub.
Xatırladaq ki, cümə günü Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisi öldürülüb. İranın Ali lideri ayətullah Seyid Əli Xamenei general Qasım Süleymaninin ölümü münasibətilə ölkədə 3 gün matəm elan edib.