Donbas uğrunda heç vaxt hərbi əməliyyat başlatmayacağam, çünki buna görə Avropada total müharibə başlaya bilər.
Bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski “Spiegel” nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Donbasda müharibəyə başlamaqla bağlı çağırışlar Ukraynada əvvəllər hakimiyyətdə olmuş şəxslər tərəfindən təşviq olunur.
“Mən bir çox “özünü ağıllı sayanlar”ın, xüsusən mitinq keçirən və belə deyənlərin olduğunu bilirəm: “Gəlin, döyüşə gedək və hər şeyi qaytaraq!” Bəs nəyin bahasına? Bədəli nə olacaq? Mən bunu etməyəcəm”, - Zelenski bildirib.
Bununla yanaşı, Ukrayna lideri qeyd edib ki, əgər onun mövqeyi ictimaiyyəti qane etmirsə, o zaman onların tələblərini yerinə yetirən yeni prezident gələcək. Zelenski heç vaxt müharibə başlatmağa getməyəcəyini və insan olmağın onun həyati vacib mövqeyi olduğunu qeyd edib.
“Mən onları bura göndərə bilmərəm. Necə? Onlardan neçəsi öləcək? Yüz minlərlə. Daha sonra total müharibə başlayacaq, Ukraynada total müharibə, daha sonra isə bütün Avropada olacaq”, - Ukrayna prezidenti bildirib./oxu.az