Fransa ekoloqları "Qara cümə" səbəbi ilə "Amazon"a qarşı çıxıb

16:39 - 29 Noyabr 2019 - DÜNYA

Fransada onlarla ekoaktivist bu gün "Amazon" elektron ticarət şirkətinin ölkədəki mənzil-qərargahına gedən yolu bir neçə saat ərzində bağlayıb.

Etirazlar malların endirimli qiymətlərlə böyük satış günü - "Qara cümə" (Black Friday) ilə əlaqədardır.

Paris ətrafındakı Klişi şəhərində (O de Sen departamenti) keçirilən mitinqə o cümlədən "Greenpeace", "Attac" və "Extinction Rebillion"un fəalları qatılıb. Ekofəallar artan sənaye fəaliyyəti və daşımalar səbəbi ilə ətraf mühitə və planetin iqliminə mənfi təsir göstərən malların kütləvi istehlakından imtina etməyə çağıran plakatlar qaldırıblar.

"Bu gün "Amazon"un istixana qazı tullantıları bütöv bir ölkəninki qədərdir", - "Greenpeace"in Fransadakı rəhbəri Jan-Fransua Jyuyar toplaşanlar qarşısında bildirib. O qeyd edib ki, şirkət nəqliyyat siyasətini dəyişməklə təhlükəli qazların atılmasını əhəmiyyətli dərəcədə azalda bilər.

"Amazon"un qərargahına çağırılan polis iki saatdan artıq davam edən etiraz aksiyasını dağıdıb. Amma ekoloqların etirazları ölkənin digər bölgələrində davam edir. Məsələn, "Amazon"un şəhər hava limanı yaxınlığında növbəti nəhəng anbar tikməyi planlaşdırdığı Lion şəhərində. Orada mitinqdə çıxış edənlər xatırladıblar ki, "Amazon" Fransanın əmək qanunvericiliyinin müddəalarına əməl etmir, əmək kollektivi ilə müqavilə bağlamır, həmçinin kütləvi vergidən yayınma və gəlirləri gizlətməkdə günahkardır./report

 

Xəbər xətti