Türkiyənin Milli Müdafiə Nazirliyi Suriyada Fərat çayının şərqində ABŞ qoşunlarının müşahidə məntəqəsinin atəşə tutulması haqqında iddiaları təkzib edib.
Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir. Nazirliyin yaydığı məlumata görə, Türkiyənin Suruç şəhərinin cənubunda sərhəd zastavaları Amerika ordusunun müşahidə məntəqəsindən təxminən 1 kilometr cənub-qərbdəki yüksəkliklərdən pulemyot və minaatanların atəşinə məruz qalıb. Qeyd edilir ki, özünümüdafiə çərçivəsində terrorçuların mövqelərinə cavab atəşi açılıb.
"ABŞ-ın müşahidə məntəqəsinin atəşə tutulmasından söhbət gedə bilməz. Cavab atəşindən əvvəl Amerika bazasına zərər vurulmaması üçün bütün zəruri tədbirlər görülüb. Amerika tərəfindən xəbərdarlıqdan sonra bizim tərəfimizdən xəbərdaredici atəş dayandırılıb. Bizim ABŞ və koalisiya qüvvələrini atəşə tutmağımızdan söhbət gedə bilməz", - xəbərdə deyilir.