Türkan Heydərova: "Heç kimin həyat yoldaşı mənə heç nə bağışlamayıb. Bütün ərdə olan qadınlar rahat olsun".
"Həci" sevgilisindən "Porsche" hədiyyəsi "alan" aparıcı, müğənni Türkan Heydərova ilə söhbətləşdik. Ucnoqta.az xəbər verir ki, müğənni yerli saytlarda yayılan məlum xəbərdən sonra telefonunun susmadığını bildirdi.
- Necə oldu ki, "Həci olayı" Türkana da gəlib çatdı?
- Səhər tezdən oyandım ki, saytlar "Porsche"dən yazır. Özü də qırmızı rəngdə (gülür). Qohumlarım, yaxınlarım zəng edərək təbrik etməyə başlayıblar. Mən deyəndə ki, belə bir şey yoxdur, dedilər ki, kaş belə bir şey olsun, həqiqətən, mən buna layiqəm.
- Türkan, deyirlər sənin "Porsche" markalı avtomobilin olub. Maraqlıdır onu da "Həci"siz almışdın?
- Bəli, 2012-ci ildə "Porsche" markalı avtomobil sürmüşəm, amma onu nə "həci", nə də "məşədi" almışdı. O vaxtlar şou aləmindən uzaq idim. Şou-biznesə qoşulanda artıq "Hyundai" sürürdüm.
- Nə baş verdi ki, saytlar birdən-birə "Həci"nin sənə yarım milyonluq avtomobil aldığını yazdılar?
- Gəlin ondan başlayaq ki, "Porsche"nin qiyməti 30 mindən başlayır (gülür). Amma nədənsə xəbəri oxuyanlar fikirləşdi ki, məndəki milyonluqdur.
- Yayılan məlumatda sənin rəfiqənin "barmağı" olduğunu yazmışdılar. Sənə "zərbə" vuran kim idi belə?
- Deyirlər, rəfiqəsi açıqlama verib. Maraqlıdır ki, mənim rəfiqəm yoxdur. Mən, ümumiyyətlə, heç kimlə yaxınlıq, dostluq etmirəm, insanlardan uzaq gəzən adamam. Ona görə də, məncə, bunu hansısa tanış qız edib. Amma sağ olsun, o xəbərlərə görə bir günə məni tanımayanlar da tanıdı.
- Deyir yalan ayaq tutar, yeriməz. Türkanın yalan xəbəri yeridimi?
- Yeridi, pis təsir edən o oldu ki, jurnalistlərin hamısı ilə aram çox yaxşıdır. "Porsche" və "Həci" xəbərlərini məni tanıyanlar da yazdı, tanımayanlar da, amma açıqlamanı yalnız bir neçə sayt paylaşdı.
- Bildiyim qədərilə sənin indiyə kimi bir neçə bahalı avtomobilin olub. Hamısını öz puluna alımısan?
- Olar bu suala cavab verməyim? Bircə onu deyim ki, heç kimin həyat yoldaşı mənə heç nə bağışlamayıb. Bütün ərdə olan qadınlar rahat olsun.
- Türkan təkbaşına ayaqda qalmağı bacarırmı?
- Allaha qurban olum, insana bəzən elə bir güc verir ki... Bəzən düşünürəm ki, mən vəhşiyəm. Çünki nəinki ayaqüstə dururam, hətta çiynimdə özümlə ağır yükləri də saxlayıram.
-Rəfiqələrin arasında sənin paxıllığını çəkən varmı?
- Rəfiqə sözünün anlamı, məncə, paxıl deməkdir (gülür).
- Hazırda fəaliyyətin nədən ibarətdir?
- İnşallah, məni yenə aparıcı kimi görəcəklər, həftəlik verilişdə. Bir mahnı üzərində də işləyirik. Onu da səhhətim və müalicələrim imkan versə, tez bir zamanda tamaşaçılara təqdim edəcəm.
- Toylara gedirsən?
- Toylara gedirəm, amma daha repertuarıma görə müasir, gənclər çox olan toylara dəvət alıram.
- Xarici ölkəyə toya dəvət almısan?
- Rusiyadan təkliflər gəlib, amma, təəssüf ki, müalicələrimə görə gedə bilməmişəm.
- Bəs maraqlıdır Türkana Azərbaycan seriallarında rol versələr necə?
- Çox tez-tez xarici görünüşümə görə təklif edirlər, amma mən aktyorluğu bacarmıram. İncəsənət adamları plastilin kimi olmalıdır, hər cür rola girməyi bacarmalıdır. Təəssəf ki, mən bunu bacarmıram.
- Bu gün sənin ad günündür. İlk hədiyyəni kimdən gözləyirsən?
- Artıq illərdir heç kimdən yaxşı heç nə gözləmirəm (gülür). Amma bilirəm ki, yaxınlarım, ətrafımda olan həmkarlarım nəsə sürpriz edəcəklər, çünki onlar məni çox sevir.
- Məşhurların şəxsi həyatı həmişə maraqlı olub. Sevgilin var?
- Bu mövzu çox yaralı yerimdir. Bircə onu deyim ki, mən təkəm, yanımda heç kim yoxdur, ürəyim isə doludur.
- Son olaraq oxucularımıza nələr demək istəyərdin?
- O qədər kəlmələr var ki... Ən əsas da günahsız olduğum an məni günahkar bilib, mənə deyilən ağır kəlmə.
İnsanı tanımadan onun haqqına girməyin. Kommentlərdə kiminsə ölüsünü, dirisini söyəndən qabaq düşünün, bu sizə edilsəydi, necə olardınız. Paxıllıq etməyin, qəlbi qara olmayın. Düşünməyin ki, kimsə sizdən yaxşı yaşayır, hərənin özünə görə öz dərdi var. Və ən əsası, həyatı və sizi əhatə edən hər şeyi sevin.