Tramp: “Türkiyə ilə “S-400” problemini çözməyə çalışacağıq”
13:03 - 29 İyun 2019 - DÜNYA
Yaponiyanın Osaka şəhərində keçirilən G 20 ölkələrinin liderlərinin sammiti çərçivəsində ABŞ prezidenti Donald Trampla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüşün təfərrüatları məlum olub.
APA-nın Türkiyə bürosunun xəbərinə görə, D. Tramp keçirdiyi mətbuat konfransında bildirib ki, “S-400” mövzusunda vəziyyət qarışıqdır, ABŞ Türkiyə ilə birgə bu problemi çözməyə çalışacaq: “Həqiqətən Obama hakimiyyəti Türkiyəyə qarşı ədalətsiz davranıb. Türkiyə Amerikadan davamlı olaraq rədd cavabı aldıqdan sonra Rusiya ilə “S-400” mövzusunda anlaşıb. Bunun o qədər də yaxşı hal olmadığını düşünürəm, çünki NATO sistemi ilə bu sistem uyğun deyil. Eyni zamanda bizim təhlükəsizliyimiz baxımından da bu yolverilməzdir. Türkiyəyə belə bir təklif edildi ki, “S-400”-ü almayin, biz sizə “Ppatriot”ları satacağıq. Türkiyə tərəf də cavab verdi ki, artıq Rusiya ilə anlaşılıb, geriyə yol yoxdur. Eyni zamanda Türkiyə ABŞ-dan 100 “F-35” alıb. “F-35”lər ideal təyyarələrdir, radarların hədəfinə tuş gəlmir. Türkiyə yenə də bizdən “F-35” almaq məqsədindədir. Pulunu ödədiyi təyyarələri təhvil almaq istəyindədir. Mən açıq danışmaq istəyirəm, Türkiyəyə qarşı adil davranılmayıb, Ərdoğanın günahı yoxdur. Mən Türkiyə tərəfindən danışmıram, öz ölkəmi sevirəm, amma Donald Tramp Türkiyəni də sevir”.