"S-400" zenit raket komplekslərinin Türkiyəyə tədarükü qarşı tərəfin xahişi ilə əvvəlcədən planlaşdırılan vaxtdan daha tez həyata keçirilir”.
Publika.az "Ria Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Qazaxıstanın paytaxtı Nur-Sultanda jurnalistlərə açıqlama verərkən deyib.
Mətbuat katibi bildirib ki, təhvil prosesində heç bir gecikmə yoxdur, hər şey qaydasında irəliləyir:
"Komplekslərin tədarükü Türkiyə tərəfinin xahişi ilə əvvəlcədən planlaşdırılandan daha tez vaxtda həyata keçirilir. Gün və ay kimi nüanslar əhəmiyyətli deyil. Biz bu məqamlara cavabdeh deyilik. Bununla biz məşğul olmuruq. Hər şey plana uyğun gedir. Heç bir gecikmə yoxdur. Hər şey normaldır".
Qeyd edək ki, “Röyters” agentliyi xəbər verib ki, ABŞ Türkiyənin Rusiyadan tədarük edəcəyi S-400 hava hücumundan müdafiə sisteminə qarşı türk pilotların F-35 döyüş təyyarələri təlimlərini dayandıra bilər.
ABŞ S-400 hava hücumundan raket kompleksinin Qərbin müdafiə şəbəkəsi ilə uyğunlaşmayacağını əsas gətirərək Türkiyənin bu sistemdən imtina etməsini tələb edir. Digər tərəfdən sistemin F-35 döyüş təyyarələrinə təhdid yaradacağını dilə gətirir.