İqtisadiyyat naziri Şahin Mustafayev Əfqanıstanın Sənaye və Ticarət naziri Acmal Əhmədinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Məlumata görə, bu ilin martında VII Qlobal Bakı Forumu çərçivəsində A.Əhmədi ilə keçirilmiş görüşü xatırladan Ş.Mustafayev Azərbaycanın Əfqanıstanla ikitərəfli əməkdaşlığa önəm verdiyini, əlaqələrin genişlənməsində dövlət başçılarının siyasi iradəsini, ölkə rəhbərləri arasında keçirilən görüşlərin, aparılan danışıqların mühüm əhəmiyyətini vurğulayıb.Nazir qeyd edib ki, iki ölkə arasında iqtisadi-ticarət sahəsində 15-dən çox sənəd imzalanıb, iqtisadi əməkdaşlıq üzrə İşçi Qrupu yaradılıb. İşçi Qrupun ilk iclasının bu ilin iyulunda Bakıda keçirilməsi nəzərdə tutulur.
Ölkələrimiz arasında əməkdaşlığın əsas istiqamətlərindən olan ticarət əlaqələri barədə danışan Ş.Mustafayev bildirib ki, 2018-ci ildə iki ölkənin ticarət dövriyyəsi 37% artıb, 2019-cu ilin yanvar-aprel aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 50%-ə yaxın artım müşahidə edilib. Bununla belə, ticarət əlaqələrinin genişləndirilməsi üçün hər iki ölkənin imkanları genişdir.
Azərbaycanın əlverişli iqtisadi-coğrafi mövqedə, nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşdiyini qeyd edən nazir Əfqanıstanın ölkəmizin tranzit potensialından, xüsusilə Lapis-Lazuli nəqliyyat dəhlizindən daha geniş istifadə imkanlarını diqqətə çatdırıb. Bununla yanaşı, kənd təsərrüfatı, investisiya, nəqliyyat, rabitə, tikinti, avtomobil yollarının çəkilişi, meliorasiya, inşaat materiallarının istehsalı və s. sahələrdə əməkdaşlıq üçün geniş imkanlar var.
Ölkəsinin Azərbaycanla iqtisadi əməkdaşlığın inkişafında maraqlı olduğunu qeyd edən qonaq ölkəsinin sənaye, ticarət, investisiya imkanları haqqında məlumat verib, iş adamları arasında görüşlərin təşkilinin əhəmiyyətini vurğulayıb.
Görüşdə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinə, həmçinin Azərbaycan-Əfqanıstan Birgə İşçi Qrupun ilk iclasına, Bakıda əfqan məhsulları sərgisinin, iş adamları arasında görüşlərin təşkilinə, Əfqanıstanda keçirilən tenderlərdə Azərbaycan şirkətlərinin iştirakına dair müzakirələr aparılıb.