Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 12 950,1 min ton neft nəql edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral neft kəmərləri ilə nəqletmənin həcmi ötən ilin müvafiq dövründın 3% az olub.
Nəqletmənin 81%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib. Belə ki, cari ilin yanvar-aprel ayları ərzində bu kəmər vasitəsilə 10 483,7 min ton neft ötürülüb ki, bu da ötən ilin müvafiq dövründən 3,48% azdır. Dövr ərzində BTC kəməri ilə 1 523,4 min ton tranzit nefti də nəql edilib.
Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. Hazırda BTC kəməri, əsasən, Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən tranzit nefti nəql olunur.
Azərbaycan nefti illik ötürücülük qabiliyyəti 7 mln. ton olan Bakı-Supsa kəməri, həmçinin Bakı-Novorossiysk kəməri ilə də nəql edilir.