Azərbaycan Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının və MŞ-nin Apellyasiya komissiyasının 1 mart 2019-cu il tarixdə keçirilmiş birgə iclasının rəyinə əsasən “Təzadlar” qəzetinin adı Şuranın “qara siyahı”sına daxil edilib.
Azərbaycan Mətbuat Şurasının katibliyindən Ucnoqta.az-a verilən məlumata görə, bunun səbəbi “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərziliyə izah olunub. Eyni zamanda, ona “qara siyahı”dan çıxmağın prosedurları barədə də məlumat verilib.
Təəssüflər olsun ki, A.Mərzili “Təzadlar” qəzetinin “qara siyahı”ya daxil edilməsini şərtləndirən nöqsanları aradan qaldırmaq, fəaliyyətində dönüş etmək əvəzinə fərqli yol seçib. O, Azərbaycan Mətbuat Şurasına və MŞ-nin İdarə Heyətinin ayrı-ayrı üzvlərinə qarşı şər, böhtan atmaqla məşğuldur.
Maraqlıdır ki, A.Mərzili MŞ İdarə Heyətinin bəzi üzvlərini sərt tənqidə məruz qoyduğu halda, qurumun digər üzvlərinə belə demək mümkünsə, “separat danışıqlar” təklif edir, bir növ, ikitirəlik yaratmağa köklənir.
Peşəkarlar, o cümlədən, diqqətli oxucular MŞ-nin fəaliyyəti, onun ictimai qınaq forması kimi seçdiyi “qara siyahı” barədə məlumatlıdırlar. Hər kəs bilir ki, Şura medianın özünütənzimləmə qurumu qismində jurnalistlərin “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”na (AJPDQ) nə dərəcədə riayət etmələrinə nəzarəti həyata keçirir, peşə prinsiplərini pozan KİV-lərə yol verdikləri yanlışlıqları xatırladır, nöqsanların aradan qaldırılması üçün tövsiyələr ünvanlayır.
Qurumun AJPDQ-nın prinsiplərini düşünülmüş şəkildə, hansısa maraqlar naminə pozmuş KİV-lərə qarşı ictimai qınaq tədbiri - “xəbərdarlıq”, “ciddi xəbərdarlıq” və nəhayət “qara siyahı”ya daxil etməkdir. “Təzadlar” ilə bağlı hər 3 prosedur tətbiq olunub: müxtəlif vaxtlarda yayımladığı və AJPDQ-nın prinsiplərini kəskin şəkildə pozulduğu məqalələrinə görə nəşrə xəbərdarlıqlar edilib. Əlbəttə, nəticə çıxarmadığı üçün onun adı “qara siyahı”dadır.
Tövsiyələri, xəbərdarlıqları saya salmayan A.Mərzili yalnız adının “qara siyahı”ya düşməsindən sonra prosesi ciddiyə alıb. Lakin yenidən yanlış addımlar atmaqda davam edir. Hazırda “Təzadlar” qəzetinin səhifələrində AJPDQ-nın prinsiplərini ciddi şəkildə pozan, paralel olaraq, MŞ-nin rəylərini şübhə altına alan məqalələr yayımlanır, oxucuları çaşdırmağa cəhd göstərilir. Ancaq cənab Mərzili istəsəydi, durum bu qədər kəskin həddə çatmazdı.
MŞ monitorinq qrupu “Təzadlar” qəzeti və A.Mərzili barədə vətəndaşlardan, ayrı-ayrı idarələrdən daxil olmuş şikayətlər üzrə təqribən 30-a yaxın məqaləni təhlil edib. Bəlli olub ki, bu yazılarda ayrı-ayrılıqda ən yaxşı halda 30-a qədər səhv var və bu səhvlərin hər biri narazılıq üçün əsas verir. Yanlış, yalan yazmaq, marağı tələb edəndə məsələləri şişirdib əndazədən çıxarmaq, şər və böhtan atmaq, istənilən vasitə ilə şəxsi maraqlarını təmin etməyə çalışmaq Asif Mərzilinin ənənəvi iş üslubudir. Belə yanaşma AJPDQ-ya, ümumilikdə jurnalistika prinsiplərinə ziddir.
Cənab Mərzilinin bu yanaşma tərzi “Təzadlar”ı dəfələrlə çətin duruma salıb. Bəzən belə dəst-xətt ölkəmizin maraqlarına zidd olub. Diqqət yetirək, “Təzadlar” qəzeti 2009-cu ildə Türkiyənin Azərbaycandakı səfiri Hulusu Kılıç barədə məqalə dərc etmişdi. Məqalə Mərzilinin həsəd və qısqanclıq hissləri zəminində yazılmışdı.
Reallıq bu idi ki, keçmiş səfir həmin vaxtlarda redaksiyalara baş çəkir və kiçik xatirə hədiyyələri təqdim edirdi. “Təzadlar” isə bunu Səfirliyin guya mətbuatı ələ alması kimi göstərmişdi. Halbuki səfir “Təzadlar”ın redaksiyasını ziyarət etsəydi, bu bəsit motivə əsaslanmış iddia ortaya çıxmazdı. Başqa cür düşünmək üçün əsas yoxdur. Buna və digər məsələlərə görə MŞ qəzetin adını “qara siyahı”ya daxil etmişdi. Lakin beş illik fasilədən sonra Mətbuat Şurası A.Mərzilinin xahişini nəzərə alaraq “Təzadlar”ın adını “qara siyahı”dan çıxartdı. Həmin andan baş redaktor yenidən öz neqativ əməllərinə qayıtdı.
A.Mərzili və rəhbərlik etdiyi “Təzadlar” qəzeti ilə əlaqədar şikayətlər o qədər çoxalıb ki, onları araşdırmaq, təhlil etmək, səhvləri qruplaşdırmaq xeyli vaxt aparır. Təsəvvür edin ki, MŞ-nin Şikayətlər üzrə Komissiyasının son bir il müddətində keçirdiyi bütün iclasların gündəliyində “Təzadlar” qəzetindən şikayətin müzakirəsi yer alıb.
Komissiyanın 20 noyabr 2018-ci il tarixli iclasında (BDU-nun dosenti Rəşid Cabbarovun şikayəti üzrə) və 14 dekabr 2018-ci il tarixli iclasında (Ağdam Rayon İcra Hakimiyyətinin Bakı şəhəri üzrə daimi nümayəndəliyinin rəhbəri Elxan Mahmudovun və “Psixologiya” jurnalının təmsilçisi V.Abduləzimovun şikayəti üzrə, “Kür-Xəzər” Xeyriyyə Cəmiyyəti ictimai birliyinin sədri Akif Kərimovun şikayəti üzrə) “Təzadlar” qəzeti və “təzadlar.az” saytı barədə şikayətlər araşdırılıb, şikayət doğuran materiallarda AJPDQ-nın balans prinsipinin pozulduğu müəyyən edilib. Bənzər xətaların təkrarlandığını nəzərə alaraq, “Təzadlar” qəzeti və “təzadlar.az” saytına MŞ tərəfindən xəbərdarlıq olunub. Tərəflər razılaşıblar ki, yazıda adı keçən və ittiham olunanların fikirlərinin açıqlanması üçün saytda şərait yaradılsın. Amma cənab Mərzili özünün də iştirakı ilə keçirilmiş bu iclaslardan sonra razılaşmaları pozub, şikayətçilərə qəzetdə fikirlərini çatdırmaq imkanı verməkdən yayınıb.
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının 15 yanvar 2019-cu il tarixdə keçirilmiş iclasında vətəndaş Quliyev Şakir Sabir oğlunun və Azərbaycan Dövlət İqtisad Universitetinin -UNEC-in professor/müəllimlərinin “Təzadlar.az” saytına qarşı şikayətləri araşdırılıb. Həmin müraciətlərdə iddia olunurdu ki, saytda Azərbaycan Dövlət İqtisad Universiteti–UNEC barədə qısa müddət ərzində 255-ə yaxın məqalə yayımlanıb. Məqalələr şər, böhtan xarakterlidir. Həmin 255 məqalədən yalnız 20-yə yaxını MŞ üzvlərinə təqdim edilmişdi.
Komissiya müəyyən edib ki, son vaxtlar “Təzadlar.az” saytı barədə MŞ-yə ünvanlanmış şikayətlər intensivləşib. Şikayət doğuran materiallarda AJPDQ-nın əksər prinsipləri pozulub. Komissiya üzvləri mübahisəli məqamların çoxluğunu, həm iddialarda, həm də verilən cavablarda boşluqların olduğunu, dəqiqləşdirmələrə ehtiyacın yarandığını nəzərə alaraq qərara gəliblər ki, qeyd edilən KİV-in fəaliyyətinin və şikayət doğuran materialların geniş araşdırılması üçün “Təzadlar” qəzeti və onun onlayn versiyası üzrə materiallar MŞ-nin monitorinq qrupuna yönləndirilsin. A.Mərziliyə də tövsiyyə edilib ki, kampaniya xarakterli yazıları bir həftə müddətində dayandırsın, monitorinq qrupunun mövcud məqalələr üzərində araşdırma aparmasına şəriat yaratsın. Baş redaktor bu şərtlə razılaşdığını bildirsə də, həmin günün ertəsi şərtləri pozub, Dövlət İqtisad Universitetinin rəhbərliyi ilə yanaşı, MŞ üzvlərini də tənqid hədəfinə çevirən yazılar yayımlamağa başlayıb. Şura üzvləri ilə “separat danışıq”ında isə etiraf edib ki, həmin məqalələrin sifarişçiləri onların yayımının bir həftəlik dayandırılması ilə razılaşmırlar və bu səbəbdən Şikayətlər üzrə Komissiyanın tövsiyələrini qəbul etməməyə məcburdur. Göründüyü kimi, “Təzadlar” qəzeti üçün “qara siyahı”dan başqa yol qalmır.