85 yaşlı imperator taxtını tərk edir

08:44 - 30 Aprel 2019 - DÜNYA

Bu gün Yaponiyanın 85 yaşlı imperatoru Akihito taxtını tərk edəcək.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, Akihito taxtı böyük oğluna - varis şahzadə Naruhitoya verəcək. Bunula əlaqədar imperatorun Tokionun mərkəzində yerləşən sarayında dini və mülki mərasimlər keçiriləcək.

Günün birinci yarısında Akihito saray kompleksi ərazisində yerləşən, ölkənin əvvəlki 124 imperatoruna həsr edilmiş məbədi ziyarət edəcək.

Daha sonra, günün ikinci yarısında sarayın "Matsu no ma" zalında rəsmi mülki mərasim keçiriləcək. Mərasimdə təxminən 300 nəfər iştirak edəcək - imperatorun ailə üzvləri, nazirlər, parlamentin hər iki palatasının rəhbərləri, Ali məhkəmənin hakimləri və yerli hakimiyyət orqanlarının nümayəndələri.

Mərasimdə Yaponiya vətəndaşları adından baş nazir Şinzo Abe çıxış edəcək. Daha sonra imperator qismində son dəfə Akihito xalqa müraciət edəcək. Akihito aprelin 30-nun son saniyəsinə qədər imperator sayılacaq. Növbəti gündən Yaponiyanın imperatoru Akihitonun böyük oğlu 59 yaşlı Naruhito olacaq.

Xəbər xətti