Yanan mallar – SƏHLƏNKARLIQ, YOXSA SIĞORTAYA İNAMSIZLIQ?

20:37 - 26 Aprel 2019 - Cəmiyyət

Ceyhun Əsgərov: “Əllərindəki pulu sığortaya verməyə qıymırlar...”

Vaxtaşırı iri ticarət mərkəzlərində yanğın baş verir. Təəssüf ki, hər dəfə də qəza baş verəndə sahibkarların bütün malları yanaraq məhv olur və o da məlum olur ki, külli miqdarda dəymiş ziyanı aradan qaldıracaq yeganə çıxış yolu olan sığortadan da yararlanmaq mümkün deyil. Çünki, onlar zamanında obyektiv və subyektiv bir çox səbəb üzündən mallarını sığortalatdırmağı düşünməyiblər.

Səbəblər çoxdur: Sonuncu dəfə 4 mərtəbəli 1000-ə yaxın mağazanın yerləşdiyi “Diqlas”dakı dəhşətli yanğın zamanı sığorta məsələsinin vacibliyi bir daha gündəmə gəldi.
100-200, bəlkə də daha çox malı yanan sahibkarlar çarəsiz qaldılar.

Sahibkarların bəziləri bildirir ki, onlar sığorta haqqında məlumatlı olmayıblar, digər bir qisim isə söyləyir ki, sığorta haqqında məlumatlı olsalar da səhlənkarlıq ediblər.

Digər sahibkarlar isə sığorta şirkətlərinə inamsızlıqlarını dilə gətirir, mallarına bir şey olacağı təqdirdə sığorta şirkətlərinin bunun müqabilində müxtəlif bəhanələr irəli sürərək dəymiş zərəri ödəməyəcəklərindən ehtiyatlanırlar.

Bəs əsl səbəb nədir? Sığorta haqqında məlumatsızlıq, inamsızlıq, yoxsa sadəcə səhlənkarlıq?

Sığorta şirkətləri o obyektləri sığortalamaqda maraqlı deyillər, çünki...

Sığorta eksperti Ceyhun Əsgərov söyləyir ki, sahibkarların mallarının sığortalanmamasında müəyyən mənada sığorta şirkətlərinin özündən qaynaqlanan səbəblər də var: “Məsələn elə bu yaxınlarda “Diqlas”da baş verən hadisəni nümunə çəkmək olar. İlk növbədə deyim ki, sığorta şirkətlərini  özləri o cür böyük obyektləri sığorta etməkdə maraqlı deyillər. Çünki belə obyektlərin əksəriyyətində yanğın təhlükəsizlik xidmətinin qaydalarına riayət olunmur. Məsələn, yanğına qarşı təhlükəsizlik sisteminin olması, arakəsmələrin daşdan olması, istilik və soyutma sisteminin mərkəzləşdirilmiş qaydada təşkili təəsüf ki, əksər ticarət mərkəzlərində yoxdur. Sumqayıtdakı “Karvan”, “Sədərək”, “Binə” ticarət mərkəzlərində bir neçə dəfə yanğın hadisəsi baş verib. Bunların da hamısının səbəbi həmin ticarət mərkəzlərində xidmət göstərən dükanların əksəriyyətinin arakəsmələrinin yanan materialdan olması, istilik və soyutma sistemləri kimi kustar üsulla hazırlanmış avadanlıqlardan istifadə olunmasıdır. Bu da nəticədə qarşısıalınmaz yanğına gətirib çıxarır”.

Sahibkar sübut edə bilmir ki, nə qədər malı olub...

“Əgər bir il ərzində eyni ticarət mərkəzində 2-3 dəfə belə hadisə baş verirsə, bu zaman sığorta şirkəti onu özünə niyə yük götürməlidir ki?
Sığorta gözlənilən hadisə deməkdir. Əgər həmin obyektdə problem varsa və məlum səbəblərdən hadisə baş veribsə, artıq bunu sığorta hadisəsinə şamil etmək olmaz” deyə ekspert dəyərləndirir.

Ceyhun Əsgərov bildirir ki, digər tərəfdən sığorta şirkəti mal sahibinə yaxınlaşanda ki, satdıqları malın hər hansı bir sənədini göstərsin. Bu zaman rəsmi heç bir kağız göstərilmir: “Sabah hadisə baş verəndə isə mal sahibi sübut edə bilmir ki, burada nə qədər mal var idi. Çünki satdığı malları qeydiyyatsız olur. Hazırda ən böyük problemimiz budur”.

“Əllərindəki pulu sığortaya verməyə qıymırlar...”

“Həmçinin hələ Azərbaycanda sığorta mədəniyyəti kimi bir anlayış formalaşmadığını söyləyən C.Əsgərov vurğulayır ki, sığortanın özü də bir mədəniyyətdir: “Deməzdim ki, bu barədə insanlar maarifsizdir. Çünki sığorta bu günə məxsus bir məfhum deyil, onun tarixi ta qədim Misirə qədər gedib çıxır. Sadəcə olaraq insanlar bir hadisə baş verənə qədər əlindəki pulu kənara, sığortaya verməyə qıymırlar. Nəticədə də belə hadisələr baş verir. “Diqlas”da məlum hadisə baş verən ərəfədə birdən birə sığortaya diqqət artdı. Sahiblkarlarzəng edirdi və sığorta ilə maraqlanırdı, mallarını sığorta etmək istəyirdilər. Amma dövlət həmin sahibkarlara kompensasiya ödədikdən sonra, yenidən sanki həvəs öldü”.

“Sığorta şirkətləri daşınmaz əmlakın sığortalanmasında maraqlıdırlar...”

Ekspert qeyd edir ki, əslində sığorta şirkətləri nəqliyyat vasitələrindənsə, daşınmaz əmlakın sığortasında daha maraqlıdırlar, qayda-qanuna əməl edən obyektlər var ki, risklər azdır. Buna görə də onlar maarifləndirmə, reklam istiqamətlərində işlər görürlər ki, daşınmaz əmlak üzrə sığorta da inkişaf etdirilsin: “İlk baxışdan sığortanın artıq bir xərc olaraq düşünüldüyü qətidir. Amma başına bir hadisə gəlmiş və dəymiş ziyanı olan bir adamdan soruşduqda "Yaxşı ki sığorta etdirmişəm" deyəcək. İnsanın başına gəlmədən işin əhəmiyyətini anlamır. Bəli, sığortaya ödənilən pullar çox şikayət mövzusu olub.

Amma sığortanın faydasını görənlər isə eyni fikirdə deyillər. Ehtiyacımız olanda almadığımız yeganə şey sığorta olduğunu yəqin ki unutmamışıq. Sığorta nə üçün lazımdır? Sualının cavabı buradadır. Ortada sığortalana bilən bir mənfəət olmalıdır. Bu mənfəətin pul ilə ölçülə bilən bir dəyəri olmalıdır. İnsanlar həyatları boyu bir sıra əşyalar əldə edirlər. Yaşamaq üçün evlər, yaşayış evlərinə əşyalar, nəqliyyat vasitələri alırlar, biznes qururlar, səyahətə çıxırlar, övladlarının təhsili haqda fikirləşirlər, sağlamlıqlarını düşünürlər və s. Bütün bunlar bu günün şərtlərində qarşılana bilən dəyərlərdir”.

“Həyatımızı və malımızı sığorta etdirməkdə fayda var”

Ekspert vurğulayır ki, ancaq işlər hər zaman yolunda getməyə bilər. Magistral yollarda, yağışda, qarda, istər işlə bağlı istər istirahətə getdiyində baş verən yol nəqliyyat hadisələri can itkisi və milyonlarla manatlıq maddi ziyan təhlükəsi həmişə var: “Həyatda heç bir şeyin zəmanəti yoxdur və hər anı risklərlə doludur. Gözlənilməz risklərə qarşı qorunmanın yolu isə sığorta olunmaqdan keçir.

Sığorta, ödənəcək kiçik məbləğ qarşılığında, ortaya çıxan risklərin təsirlərini aradan qaldıra və həyatın qaldığı yerdən əvvəlki kimi davam etməsində sizə böyük köməklik edəcək bir yardım fondudur. Sığorta etdirmək, gələcəyi maddi cəhətdən güvən altına almaq deməkdir. Büdcəmiz imkan verdiyi qədər həyatımızı və malımızı sığorta etdirməkdə fayda var”.

Etibar edəcəyimiz bir ünvan...

Hələlik ictimaiyyət arasında sığorta məsələsi ilə bağlı qəti və formalaşmış bir düşüncə yoxdur. Bunun səbəbləri arasında inamsızlıq da, maarifsizlik də, biganəlik də var. Amma illərlə əziyyət çəkib qazandığın ruzinin bir göz qırpımında puç olmasına göz yummaq nə dərəcədə düzgündür? Təbii ki, can və mal varlığımızın daim təhlükəsiz və sığortalanmış olması hər birimizin istəyidir. Yetər ki, etibar edəcəyimiz və güvəndiyimiz bir ünvan olsun. Sığorta şirkətlərinin üzərinə isə bu inamı doğrultmaq, insanların güvənini qazanacaq iş ortaya qoymaq düşür.

Nazlı Allahverdiyeva

Xəbər xətti