Fransa türkləri Makronun qondarma "erməni soyqırımı" ilə bağlı qərarını pisləyib

21:29 - 24 Aprel 2019 - DÜNYA

Fransadakı türk icması Prezident Emmanuel Makronun 24 apreli ölkədə qondarma "erməni soyqırımı qurbanları"nın xatirəsi günü elan etməsini pisləyib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bu barədə Fransa Türk İslam Birliyi (DİTİB), Fransa Türkləri Federasiyası və Beynəlxalq Demokratlar Birliyinin (UİD) kütləvi informasiya vasitələrinə ünvanladığı müraciətdə qeyd olunub.

Sənəddə bildirilib ki, Fransa ərazisində faəliyyət göstərən 500-dən artıq fransız-türk assosiasiyalarını özündə birləşdirən Fransa-Türk Assosiasiyaları Koordinasiya Komitəsi kommunitarizm ənənələrindən qaynaqlanan qüvvələrin fransalılar arasında dialoq və sülh dəyərləri yaymaq əvəzinə, tarixdən öz mənafeləri naminə istifadə etmək cəhlərinə öz qəti etirazını bildirir: "Keçmişdə yaşanan iztirabları inkar etməmək hələ soyqırım terminin işlədilməsinə bəraət vermir. Bernatd Levis, Robert Mantran və Luis Bazin kimi tarixçilər 1915-cı ildə baş vermiş hadisələrə soyqırım termininin şamil edilməsini pisləyiblər".

Müraciətdə bir sıra erməni assosiasiyalarının dəfələlərlə məhkəmələri uduzduqları xatırlanıb: "İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 2015-ci il oktyabrın 15-də verdiyi qərarda bu məsələdə heç bir beynəlxalq razılığın olmadığı qeyd olunub. Hətta Fransa Konstitusiya Şurası 2017-ci il yanvarın 26-da xatırladıb ki, nə fransız, nə də beynəlxalq qanunvericilik 1915-ci ildə baş vermiş hadisələri "erməni soyqırımı" kimi qanuniləşdirməyib".

"Artıq 50 ildən çoxdur Fansa türkləri ölkənin mədəniyyəti, iqtisadiyyatı, sosial və siyasi həyatına öz töhfəsini verir. Ona görə də 800 min Fransa türkü bu cür təzyiqləri qəbul etmir. Biz sülhə və ictimai asayişə xələl gətirən təxribatlara getməyəcəyik, bundan sonra da hər zaman olduğu kimi, azadlıq, bərabərlik və qardaşlıq dəyərlərinə bağlı olacağıq", - sənəddə vurğulanıb. 

Xəbər xətti