Bakıda ərini bıçaqlamaqda təqsirləndirilən Bilqeys Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi aprel ayının 22-nə təyin olunub.
Qeyd edək ki, hadisə paytaxtın Binəqədi rayonu, A.Kunanbıyov küçəsi 4, mənzil 89-da qeydə alınıb. Həmin ünvanda yaşayan Bayram Quliyev döş qəfəsinin kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyi nəticəsində yaralının həyatını xilas etmək mümkün olub.
İlkin araşdırma zamanı Bayram Quliyev xəsarəti evdə yıxılaraq aldığını deyib. Lakin araşdırma zamanı müəyyən edilib ki, Bayram Quliyevə həmin xəsarəti ailə münaqişəsi zəminində həyat yoldaşı, 1994-cü il təvəllüdlü Bilqeys Quliyeva yetirib. Qadın bıçağı ərinin ürəyindən sancıb.
Faktla bağlı Binəqədi rayon Polis idarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə cinayət işi başlanıb./olke.az