ABŞ Prezidenti Donald Tramp Ağ evdə Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrakı qəbul edib.
“Report” Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, tarixdə ilk dəfədir ABŞ Prezidenti Ağ evdə Türkiyənin naziri ilə görüşüb. Görüşdə Suriyadakı vəziyyət, Türkiyənin Rusiyadan aldığı “S-400” zenit-raket kompleksi də daxil olmaqla ikitərəfli münasibətlərə dair bir sıra mövzular, o cümlədən iki ölkə arasında hazırda 20 milyard dollar olan ticarət dövriyyəsinin 75 milyard dollara çatdırılması məsələsi müzakirə olunub.
Nazir rəsmi Ankaranın Rusiyadan aldığı “S-400”ə dair müzakirənin müsbət keçdiyini vurğulayıb.
“Prezidentimizin (Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan- red.) bəzi ismarıcları var idi, onları ABŞ Prezidentinə çatdırdıq”, - B.Albayrak vurğulayıb.
O deyib ki, yaxın zamanlarda D.Tramp ilə R.T.Ərdoğan arasında görüş keçirilə bilər.
Qeyd edək ki, B.Albayrak Beynəlxalq Valyuta Fondu - Dünya Bankı və “Böyük-20”-nin (G-20) toplantılarına qatılmaq üçün ABŞ-da səfərdə olub. D.Trampla görüş bu toplantılar çərçivəsində keçirilib.
Xatırladaq ki, B.Albayrak Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkənidir.