Bakıda şagird özünü məktəbin 3-cü mərtəbəsindən yerə atıb.
Hadisə Səbail rayonunda yerləşən 162 nömrəli tam orta məktəbdə qeydə alınıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan 8-ci sinif şagirdi Y.Hacıyeva təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir. Hadisə zamanı yeniyetmənin əlində kəsici alət də olub.
Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır. (“Report”)
***
162 nömrəli tam orta məktəbdən "Report"a bildirilib ki, VIII sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) məktəbin III mərtəbəsindən yıxılıb: "İlkin məlumata görə, şagirdin ailəsində müəyyən problemlər mövcuddur. Hazırda şagird 1 saylı Şəhər Klinik Xəstaxanasının Toksikologiya şöbəsinə yerləşdirilib. Şagirdin ayağında sınıq var. Hüquq-mühafizə orqanları tərəfindən hadisə ilə bağlı araşdırma aparılır".
***
Qızın atası ilə anası ayrılıb. Anası daha sonra ailə həyatı qurub. Şagird də anası və atalığı ilə birgə Yasamal rayonunda kirayədə yaşayır. 8-ci sinif şagirdi daha əvvəl 49 saylı məktəbdə təhsil alıb, oradan 203 saylı məktəbə keçib. Ötən ilin noyabr ayında isə 162 saylı məktəbdə təhsilini davam etdirib.Onların ailəsi polis idarəsində problemli ailə kimi qeydiyyatda olub. Bir müddət öncə 14 yaşlı qızın müəyyən hərəkətlərinə görə direktor tərəfindən icra hakimiyyətinə müraciət olunub və ailə qeydiyyata alınıb. Məlumata görə, qız özünü atmadan öncə özündə olmayıb. Onun psixotrop maddənin təsiri altında olduğu ehtimal olunur.
Qızın intihar anı məktəbin təhlükəsizlik kameralarında qeyd olunub. Bu görüntülər hüquq-mühafizə orqanlarına təqdim edilib./qafqazinfo