Qardaşını qətlə yetirməkdə təqsirli bilinən Ağamalı Xaləddin oğlu Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Təqsirləndirilən şəxsin cinayət işi üzrə növbəti məhkəmə prosesi aprel ayının 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçiriləcək.
Qeyd edək ki, ağır cinayət 2018-ci ilin oktyabr ayında paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsi Zeytun savxozu adlanan ərazidəki həyət evində baş verib. 19 yaşlı Ağamalı Kərimov özündən bir yaş böyük qardaşı Ədil Kərimovla yaşadıqları evdə anasının yanında mübahisə edib. Mübahisə zamanı Ağamalı Kərimov qardaşına kürək nahiyyəsindən bir bıçaq zərbəsi vurub. Çoxlu qan itirdiyindən Ədil Kərimov elə hadisə yerindəcə ölüb.
Dərhal mərhumun anası qonşulara və polisə məlumat verib. Hadisə yerinə rayon prokurorluğunun və ərazi üzrə 30-cu polis şöbəsinin əməkdaşları gəlib. Meyit məhkəmə tibbi ekspertiza və pataloji anatomiya birliyinə aparılıb. Araşdırma zamanı məlum olub ki, Ədil Kərimovun kürək nahiyəsindən döş qəfəsinə daxil olan kəsici alət ürəyini zədələyərək onun ölümünə səbəb olub.
Polis əməkdaşları hadisədən sonra əməliyyat-axtarış tədbirləri ilə Ağamalı Kərimovu saxlayıblar. İlkin ifadəsində o, qardaşı ilə 3 toyuq üstündə mübahisə etdiyini və hadisənin də bu zaman olduğunu etiraf edib./olke.az