Astarada külli miqdarda heroin qanunsuz dövriyyədən çıxarılıb

14:04 - 3 Aprel 2019 - HADİSƏ

Astara rayon Polis şöbəsi tərəfindən 1 kiloqram 650 qram narkotik vasitə olan heroin aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə "Report"un Cənub bürosuna DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. Bildirilib ki, Astara rayon Polis şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayonun Pensər kəndi ərazisində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yerli sakini Aynur Şükürov 770 qram narkotik vasitə olan heroini satarkən cinayət başında saxlanılıb və üzərindən bir ədəd elektron tərəzi də aşkar olunaraq götürülüb.

Davam edən əməliyyat-axtarış tədbirləri nəticəsində A.Şükürovun həmin narkotik vasitəni Astara rayon sakini Kamran Novruzovdan əldə etdiyi müəyyən edilib və həmin şəxs Astara RPŞ-nın əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində kirayədə yaşadığı evində saxlanılıb. Onun üzərindən və həmin evdən iki bükümdə, ümumilikdə, 420 qram narkotik vasitə olan heroin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq K.Novruzovun yaşadığı Astara rayonu Telman kəndində yerləşən fərdi yaşayış evindən isə 460 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti