Tramp Türkmənistan qazının Azərbaycan vasitəsilə Qərbə çatdıralacağına ümid edir
09:46 - 25 Mart 2019 - DÜNYA
Amerika lideri Donald Tramp ümid edir ki, Türkmənistan bu yaxınlarda Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsindən sonra Qərbə qaz ixracının imkanlarından istifadə etməyə başlayacaq.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentinin Novruz bayramı münasibəti ilə türkmənistanlı həmkarı Qurbanqulı Berdiməhəmmədova ünvanladığı teleqramda deyilir. Sözügedən teleqram ölkə hökumətinin "Neytral Türkmənistan" qəzetində dərc olunub.
"Ümid edirəm ki, Türkmənistan Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı Qərbə yeni qaz ixrac imkanlarından istifadə edə biləcək", - deyə teleqramda bildirilir.
Fevralın 20-də məlum olub ki, Avropa İttifaqı Türkmənistana Avropaya qazı Azərbaycan vasitəsi ilə tədarük etməyi təklif edib. Aİ-nin Büdcə və İnsan Resursları Komissiyasının üzvü Günter Ettinger Azərbaycanın mavi yanacaq tranziti üçün infrastruktura malik oldğunu diqqətə çatdırıb.