"Boeing" şirkəti aviaşirkətlər üçün təhlükəli səhvləri aradan qaldırmaq üçün "737 MAX" laynerlərinə yeni proqram təminatı quraşdırılmasını nəzərdə tutan xidmət bülleteni hazırlayır.
Bu barədə CNBC telekanalı ABŞ Federal Aviasiya Administrasiyasına (FAA) istinadən məlumat verib. Qurumdan qeyd ediblər ki, şirkət həmçinin pilotların yeni proqram təminatı ilə işləməyi bacarması məqsədilə lazımi təlimatları hazırlayıb.
Qeyd edək ki, son yarım ildə "Boeing 737 MAX" təyyarələrinin uğradığı iki qəza qeydə alınıb. 2018-ci ilin oktyabr ayının sonlarında "Lion Air" şirkətinə məxsus "Boeing-737 MAX 8" təyyarəsi Cakarta hava limanından qalxdıqdan az sonra Yava dənizinə düşüb və göyərtədəki 189 nəfərin hamısı ölüb. Bu il martın 10-da isə "Ethiopian Airlines" aviaşirkətinə məxsus layner Əddis-Əbəbədən Nayrobiyə doğru reys həyata keçirərkən Efiopiya paytaxtından, təxminən, 60 km şərqdə qəzaya uğrayıb, qəza nəticəsində göyərtədəki 157 nəfərin hamısı ölüb.