Türkiyənin keçmiş Baş naziri Məsud Yılmaz ağciyər xərçəngindən cərrahiyyə əməliyyatı olunub.
“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, xəstəxanadan evə buraxılan 71 yaşlı sabiq hökumət başçısı hazırda kimyəvi terapiya müalicəsi alır. O açıqlamasında bildirib ki, bu ilin yanvarında ağ ciyərində xərçəng şişi aşkarlanıb: “Yanvarın 23-də uğurlu cərrahiyə əməliyyat olundum. Hazırda kimyəvi terapiya müalicəsi alıram. Qrip virusu və infeksiya təhlükəsinə görə görüşlərim məhdudlaşdırılıb. Müalicə normal qaydada davam edir”.
Qeyd edək ki, Ahmet Məsud Yılmaz 1947-ci il noyabrın 6-da İstanbulda anadan olub. 1987-1990-cı illərdə Türkiyənin xarici işlər naziri olub. 1991-ci il iyunun 23-dən 1991-ci il noyabrın 20-dək Türkiyənin 28-ci, 1996-cı il martın 6-dan həmin il iyunun 28-dək 31-ci, 1997-ci il iyunun 30-dan 1999-cu il yanvarın 11-dək 33-cü hökumətin başçısı olub.
1983-2007-ci illərdə Ana Vətən Partiyasının, 2009-2011-ci illərdə isə Demokrat Partiyasında siyasi fəaliyyət göstərib, bu siyasi təşkilatlara rəhbərlik edib.