Hindistan İrana qarşı sanksiyalarla bağlı möhlət hüququnun uzadılması üçün ABŞ-la danışıqlar aparır.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, buna səbəb rəsmi Dehlinin Tehrandan bundan sonra da gündəlik 300 min barel neft idxal etmək istəyidir.
ABŞ ötən ilin noyabrında İrana qarşı sanksiyalarla bağlı möhlət verdiyi 8 neft idxal edən ölkə ilə danışıqlar aparır. Danışıqlarda İrandan neft idxalının tam dayandırılması məsələsi müzakirə olunur.
Xatırladaq ki, 2018-ci ilin may ayında ABŞ İranın nüvə proqramına dair razılaşmadan çəkilərək həmin ölkəyə qarşı bütün sanksiyalarını, o cümlədən Tehranla dolayı ticarət aparan ölkələrə qarşı nəzərdə tutulan sanksiyaları bərpa etdiklərini açıqlamışdı. İran neftinin idxalına qoyulan embarqodan bu ilin mayın 5-dək Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Tayvan, Türkiyə, İtaliya, Yunanıstan möhlət əldə edib. ABŞ bundan əvvəl möhlətin uzadılmasını düşünmədiklərini bildirmişdi.