Ankaranın Rusiyadan S-400 sistemləri alması ilə əlaqədar ABŞ-ın təzyiqinə uğraması yolverilməzdir və qanunsuzdur. Üçüncü ölkələrin bu məsələyə qarışması hüquqa ziddir.
Bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu səsləndirib. Bu barədə RİA Novosti məlumat yayıb. Bir gün öncə ABŞ Dövlət Departamenti bəyan edib ki, Türkiyə Rusiyadan silah alacaqsa, bu ölkəyə qabaqcıl texnologiyalar satılmayacaq və sanksiyalar tətbiq olunacaq.
“Biz öz müttəfiqlərimizə onlardan hava hücumundan müdafiə sistemləri almaq istəyimizi bildirdik. Bu müttəfiqlər hər hansı sadə silah alanda belə bizə maneə törətməklə yanaşı, bizim Rusiyadan S-400 almaq istəyimizdən narahat olublar. Niyə narahatsınız? Biz NATO üzvüyük, əgər gərək görürüksə, siz bunu bizə satmalısınız. Satmırsınızsa, Türkiyə bunu NATO üzvü olmayan ölkələrdən də əldə edə bilər”,- deyə Çavuşoğlu bildirib.
2017-ci ildə Türkiyə və Rusiya arasında S-400 silahlarının alqı-satqısına dair imzalanmış saziş Ankara ilə Vaşinqton arasında gərginliyə səbəb olub.
Martın 2-də Türkiyə nümayəndə heyəti Vaşinqtonda ABŞ-ın “Patriot” hava hücumundan müdafiə sistemlərinin alınması barədə danışıqlara başlamışdı.
Türkiyə XİN başçısı bildirmişdi ki, əgər, NATO və ABŞ-la razılıq əldə olunmasa, Ankara bu silahların Rusiyadan alınması məsələsini gözdən keçirəcək. /Oxu.az