Tristan-da-Kunya adası!
Bu ada unikaldır. Tristan-da-Kunya (Tristan da Cunha) Britaniyanın Atlantik okeanındakı ərazilərindən biridir. Bu, Yer kürəsində ən təcrid olunmuş torpaqdır. Ona ən yaxın məntəqə, Müqəddəs Yelena adasınadək olan məsafə 2 min kilometrdir. Napoleonla onun nə bağlılığı var? O dəxli var ki, Britaniya bu adanı 1816-cı ildə, fransızlar “qonşu” Müqəddəs Yelenada sürgündə olan Napoleonu qaçıra bilməsinlər deyə ilhaq edib.
Yerli sakinlər kartof əkir, qoyunçuluqla məşğul olurlar. Qoyunlara ictimai nəzarət mövcuddur ki, Allah eləməmiş, onlar adanın bütün otunu otlayıb qurtarmasınlar və ya sakinlərdən kimsə pullanmasın. Hava yaxşı olanda dənizdə balıq ovuna da çıxırlar. Bir də kimin fiziki sağlamlığı imkan verirsə, ictimai işlərdə çalışır. Hökumət evini təmir edir, ya da “yol” çəkir. Adanın əhalisi 280 nəfərdir. Onların hamısı 200 il bundan əvvəl bura İngiltərədən, Hollandiyadan və İtaliyadan gələnlərin törəmələridir. Ada sakinləri arasında cəmi 7 soyadı yayılıb: Glass, Grinn, Hagan, Lavarello, Repetto, Rogers və Swain. Tristanlılar ingilis dilinin 19-cu əsr şimali İngiltərə ləhcəsində danışırlar. Bütün adada torpaq ada sakinlərinə məxsus olduğundan kənar adamların gəlib burda sakin olması qadağandır. Britaniya adaya müəllim və bəzən polis göndərir. O da üç il müddətinə. Onlar icma üzvü olmadıqlarından burada nə əkib-becərməyə, nə qoyun saxlamağa, nə də balıq tutmağa icazələri var.
Ətraf aləmlə yeganə əlaqə vasitəsi sürəti çox aşağı olan internetdir. Onu da bir neçə il əvvəl çəkiblər. Gəmi bura hava yaxşı olanda ayda bir dəfə Keyptaundandan gəlir. Bu adada dəniz portu yoxdur. Buna görə də Keyptaundan gəmi gələn kimi hamı işini-gücünü buraxıb qayıqlara minir və yükü qəbul etməyə gedir.Bütün sakinlər adanın yeganə məntəqəsində yaşayırlar. Bu həm də Tristan-da-Kunyanın paytaxtıdır. Dünyanın heç bir ölkəsinin paytaxtı bu qədər romantik ada malik deyil – “Yeddi Dəniz Edinburqu”, hərçənd sakinləri onu sadəcə “qəsəbə” adlandırırlar.
Adaya Müqəddəs Yelena adasının qubernatoru rəhbərlik edir və o, üç ildə bir dəfə Tristan-da-Kunyaya inzibatçı göndərir. Həmin inzibatçı öz fəaliyyətini yerli parlamentlə birlikdə qurmalıdır. Parlament deyəndə ki, beş adamdan ibarət şuradan söhbət gedir. “Parlament”in rəhbərinə baş nazir deyil, “adabaşı” deyirlər (Chief İslander).
Tristan-da-Kunya əslində canlı vulkanın ucunda yerləşir. Adanın sahəsi 98 kvadrat kilometrdir. Amma bu kilometrlərin çoxu sərt vulkan yamaclarından keçir. Düşünmək olar ki, axı bütün dünyanın gözündən uzaq, hamının bir-birinə qohum olduğu adada kim yaşamaq istəyər? Amma məlum olur ki, yaşamaq istəyənlər var. 1961-ci ildə Tristan-da-Kunya adasında vulkan püskürüb və Britaniya hökuməti bütün əhalini İngiltərəyə evakuasiya etmək qərarı qəbul edib. Adadakı həyat şəraitindən az-çox xəbərdar olanlar deyirdilər ki, adalılar əsl sivilizasiyalı yaşayışı görəndən sonra elə İngiltərədə də qalacaqlar.
Amma sən saydığını say, gör fələk nə sayır. Təxliyə və birgəlik, habelə kollektivizm nədir anlamayan yad insanlar arasında qəribçilik adalıları daha da sıx birləşdirib və ikicə ildən sonra, demək olar bütün icma vətənə qaytarılmalarını tələb edib. Onlar öz kartof əkinləri, qoyunları və Keyptaundan gələn gəmilər üçün darıxmışdılar. Hazırda Britaniya memarları Tristan-da-Kunyada günəş batareyaları quraşdırmaq, əksəriyyəti daxmaya oxşayan yerli evləri qaydaya salmaq, içməli su toplanmasını təşkil etmək, bir sözlə hər şeyi etmək istəyirlər ki, hamı tərəfindən unudulmuş bu adada 21-ci əsrə layiq şəkildə yaşamaq mümkün olsun.