Pakistanın Mülki Aviasiya İdarəsi ölkənin hava məkanının martın 4-nə qədər bağlı qalacağını təsdiqləyib.
Qurumun “Twitter” səhifəsində yerləşdirilən məlumata görə, qərar bəzi istisnalar olmaqla bütün uçuşlara aiddir. İslamabad, Kəraçi, Peşavar, Kvetta şəhərlərinin beynəlxalq aeroportları məhdud hava məkanında aviasiya əlaqəsini bərpa edəcəklər.
Bu addım Hindistan-Pakistan sərhədində yaşanan gərginliklə bağlıdır və təhlükəsizlik nöqteyi-nəzərindən atılıb.
Xatırladaq ki, fevralın 26-na keçən gecə Hindistan Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri Pakistan sərhədini 80 kilometr keçərək Balakot yaşayış məntəqəsi rayonunda “Ceyş-ə-Məhəmməd” qruplaşmasının düşərgəsinə hava zərbəsi endirib. Bundan sonra Pakistanın Hərbi Hava Qüvvələri ölkənin hava məkanını pozan iki Hindistan təyyarəsini vurub. Təyyarələrdən biri Pakistanın nəzarətində olan Azad Cammu və Kəşmir əyalətinin ərazisinə düşüb, pilot əsir götürülüb.
Qədim Kəşmir knyazlığının ərazisi 1947-ci ildən bəri Hindistanla Pakistan arasında mübahisə mövzusu olaraq qalır. Hazırda Kəşmirdə dövlət sərhədi yoxdur və onun ərazisi təmas xətti ilə iki hissəyə bölünüb. “Ceyş-ə-Məhəmməd” Kəşmirin Hindistan hissəsində fəaliyyət göstərən və ştatın müstəqilliyi, həmçinin qonşu Pakistana birləşməsi uğrunda mübarizə aparan çoxsaylı qruplaşmalardan biridir. AzərTac