Gəncə şəhərində ağır cinayətlər törətməkdə ittiham olunan Arzu Tağıyev, Sahib Tağıyev və Brilyant Tağıyevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
“Ölkə.Az” xəbər verir ki, təqsirləndirilən şəxslərin barəsində olan cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Mart ayının 3-də hakim Elmin Rüstəmovun sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirləcək.
Qeyd edək ki, təqsirləndirilən şəxs Brilyant Tağıyeva qohumları - Arzu və Sahib ilə birlikdə cinayət əlaqəsinə girərək, rus əsilli qadını Gəncə şəhərinə gətiriblər. Orada onlar həmin şəxsi məcburi əməyə cəlb etməklə insan alveri cinayəti törədiblər.
Bundan başqa, Sahib və Arzu həmin qadınla zorla cinsi əlaqədə olublar, ona qarşı seksual xarakterli hərəkətlər ediblər. Bu hal qadına qarşı bir neçə dəfə təkrarlanıb.
Seksual xarakterli hərəkətlərə məruz qalan qadın sonda intihar edib.
Bu hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Məlumat əsasında hər üç şəxsin barəsində cinayət işi açılıb və onlar axtarışa veriliblər.
Ötən ilin yanvarın 22-də Gəncənin Nizami (Gəncə) rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hər üç şəxs həbs edilib.
İstintaq orqanı tərəfindən Arzu Tağıyev, Sahib Tağıyev və Brilyant Tağıyevanın barəsində Cinayət Məcəlləsinin 144-2.2.6-cı (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən məcburi əmək törətmək), 144-3.4-cü (insan alveri məqsədi ilə hər hansı bir şəxsin şəxsiyyət vəsiqəsini, pasportunu və ya şəxsiyyətini təsdiq edən digər sənədini, yaxud yol (sərhədkeçmə) sənədini götürmə, saxlama, gizlətmə, zədələmə və ya məhvetmə), 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törətmək), 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə ittiham elan edilib.
Arzu Tağıyev və Sahib Tağıyev barəsində əlavə olaraq Cinayət Məcəlləsinin 150.2.5-ci (təkrar seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə də ittiham verilib.