İsmayıllı rayonunda arvadını öldürməkdə təqsirli bilinən Elçin Cəfərovun cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılacaq.
Ucnoqta.az “Ölkə.Az”a istinadən xəbər verir ki, E.Cəfərovun məhkəmə prosesinə hakim Nahid Mirzəyev sədrlik edəcək.
İttiham aktına görə, 2018-ci il iyulun 2-dən 3-nə keçən gecə Ağdaş rayonunda anadan olmuş və İsmayıllının Kürdmaşı kənində yaşayan, 3 uşaq anası 1989-cu il təvəllüdlü Ceyhunə Adil qızı Səfərova qətlə yetirilib.
Qadın odlu silahdan açılan atəş nəticəsində ölüb. Qətllə bağlı şübhəli qismində Ceyhunə Səfərovanın həyat yoldaşı Elçin Cəfərov saxlanılıb. Araşdırma zamanı məlum olub ki, kişi işləmək üçün getdiyi Türkiyə Respublikasından yenicə qayıdıbmış.
İstintaq zamanı Elçin Cəfərov bildirib ki, arvadını qısqanclıq zəminində və namus üstündə öldürüb.
O, bildirib ki, arvadının başqa kişi ilə görüşə getdiyini öz gözləri ilə görüb. Ov tüfəngi ilə silahlanaraq birbaşa sevgililərin yanına gedib.
Elçin Cəfərov arvadını sevgilisi ilə birlikdə olarkən tutub. O, arvadının görüşdüyü kişini təqib etsə də, ikinci qaça bilib, qadını isə hadisə yerindəcə güllələyib.
İsmayıllı rayon prokurorluğu tərəfindən Elçin Cəfərova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib və o, təqsirləndirilən şəxs qismində saxlanılıb.